BANK

20 İyul

“Goldman Sachs” bankı ilə oğurlanmış pulların qaytarılması barədə danışıqlar yekunlaşır

Malayziya hökuməti qarşıdakı həftə ərzində “Goldman Sachs” bankı ilə 1MDB dövlət investisiya fondundan oğurlanmış 6,5 milyard dollar məbləğində vəsaitin ölkəyə qaytarılması barədə danışıqları yekunlaşdırmaq üzrədir.

Fins.az xəbər verir ki, bu barədə iyulun 20-də “New Straits Times” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, “Goldman Sachs” bankının menecerləri ötən istirahət günlərində Malayziya paytaxtına gəliblər. Qeyd edilir ki, hökumət geri qaytarmaq istədiyi 6,5 milyard dollar vəsaitin hazırda 200 milyon dollarını ala bilib. Bununla yanaşı, fondun satılmış əmlakının müqabilində 150 milyon dollar ödənilib.

Ötən ilin avqustunda Malayziyada “Goldman Sachs” bankının yüksək vəzifəli əməkdaşlarına qarşı 1MDB fondunun apardığı əməliyyatlarla əlaqədar məqsədli şəkildə qarışıqlıq yaratmaq ittihamı irəli sürülüb. Dünyanın 6 ölkəsində, o cümlədən ABŞ-da fondun və “Goldman Sachs” bankının rəhbərliyinin hərəkətləri ilə bağlı məhkəmə dinləmələri başlanılıb. Noyabrda bank ABŞ Ədliyyə Nazirliyinə 1 milyard dollar məbləğində kompensasiyanın ödənməsinə razılıq verib.

Xatırladaq ki, 1MDB fondu ilə əlaqədar qalmaqal 2015-ci ildə, 11 milyard dollar məbləğində mənimsəmə ilə əlaqədar informasiyaların yayılmasından sonra başlanıb. Həmin vaxt KİV-lər bu vəsaitin Baş Nazir vəzifəsini tutan Nəcib Razakın sərəncamında olduğunu yazırdılar. Aparılan istintaq cinayət tərkibinin olmadığını bəyan edib. Lakin 2018-ci ilin mayında keçirilən seçkilərdə Mahathir Məhəmmədin rəhbərlik etdiyi müxalif qüvvələr qalib gəldikdən sonra sabiq Baş Nazirə qarşı rüşvət alma, kirli pulların yuyulması, xüsusən böyük məbləğdə mənimsəmə və digər qanun pozuntuları ilə əlaqədar 40 epizod üzrə ittiham irəli sürülüb