BANK

18 İyun

Azərbaycanda sahibkarlar üçün innovativ maliyyə platforması istifadəyə veriləcək

Bu ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət, həmçinin kiçik və orta biznes üçün nəzərdə tutulan "Bankoff" maliyyə platforması istifadəyə veriləcək.

Bunu sözügedən layihənin rəhbəri Elmir Əliyev deyib.

Onun sözlərinə görə, özündə müxtəlif bank xidmətlərini birləşdirən "Bankoff" istifadəçilərə bankların təkliflərini müqayisə etməyə və bu platformanı tərk etmədən onları əldə etməyə imkan yaradacaq.

"Platformanın əsas hissəsini təşkil edəcək "maliyyə bazarı” modulunun məzmun idarəetmə sistemi qismində "Botbox" platforması çıxış edəcək", - deyə E. Əliyev qeyd edib.

Qeyd edək ki, "Botbox" maliyyə xidmətləri göstərən şirkətlərə və banklara "Telegram", "WhatsApp" və "Facebook messenger" kimi kanallarda müxtəlif bank və maliyyə əməliyyatları aparmaq üçün həll təqdim edir.

Layihə rəhbəri əlavə edib ki, "Bankoff" layihəsini "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə Əbu-Dabi və Silikon Vadisində inkişaf etdirilməsi nəzərdə tutulur: "Gələcəkdə isə layihəni qlobal miqyasda inkişaf etdirmək niyyətindəyik və artıq bu ilin sonuna layihəni Türkiyə bazarına təqdim edəcəyimiz istisna deyil".

(c)APA