BİRJA

13 Mart

Devalvasiya olmamalıdır. Rəqəmlər bunu təsdiq edir

Neftin qiyməti 2016-cı ilin fevral ayında minimum 27 dollar olanda ölkəmizdə manatın ən az olduğu vaxt kimi qəbul etsək (dövriyyədə ən azı bu qədər manat qalmalıdır ki, insanlar ehtiyaclarını ala bilsin) və 2020-ci ilin yanvar ayının sonuna olan məlumatı həmin vaxtla müqayisə etsək rəqəmləri analiz edib nəticəyə gələ bilərik. Bu halda hesab edirəm ki, manat 2016-cı ilin fervral ayında olduğundan az ola bilməz, yəni bu ən aşağı hədd idi.

2016-cı ilin fevral ayından 2020-ci ilin yanvar ayınadək aşağıdakı dəyişikliklər olmuşdur:

  1. Fiziki şəxslərin manatda əmanətləri 2,8 milyard manat artmışdır.
  2. Hüquqi şəxslərin manatda əmanətləri 2,6 milyard manat artmışdır.
  3. Banklardan kənarda manatın həcmi 3,8 milyard manat artmışdır.
  4. Mərkəzi bankın valyuta ehtiyatları 2.6 milyard dollar (4.4 milyard manat) artmışdır.

Hal hazırda hüquqi şəxslər dollar ala bilmir və yalnız xaricə köçürməsi və müqaviləsi olduğu halda ala bilər. Fiziki şəxslər əmanətlərini dollara çevirə bilmirlər. Əgər dollara dəyişə bilsələr bankın valyuta mövqeyi pozulacaq və devalvalsiyadan yarana biləcək zərər banka yönələcək. Son nəticədə isə sığortalı əmanət olduğu üçün dövlət bankın borcunu dolayısı ilə ödəməli olacaq. Hesab edək ki, A və B maddələrindən 10-20%-i dollara dəyişdirilə biləcək və C bəndi bütünlüklə dəyişəcək.

Eləcə də bax: Dollar almağa tələsməyin - ABŞ özü çökür

Belə nəticəyə gəlmək olar ki, dollara çevrilməsi mümkün olan maksimum məbləğ 4,4-5 milyard manatdır ki, bu məbləği Mərkəzi Bank son 4 ildə aldığı 2.6 milyard dollarla rahat qarşılaya bilər və indi ölkədə kifayyət qədər nəğd dollar da var ki, əhalinin tələbi ödənilsin.

Büdcədə neftin qiyməti 55 dollar hesablanıb və neftin hər 1 dollar ucuzlaşması büdəcəyə illik 250 milyon manat təsir edir. Tutaq ki, neft 10 ay 35 dollar olacaq. Onda 20 dollar ucuzlaşmaya görə cəmi 4.2 milyard manat azalma ola bilər.

Yanvar ayının sonuna büdcədə 400 miyon manat profisit var idi. Bu onu göstərir ki, büdcə qənaətlə xərclənir və 26 milyard manatlıq büdcənin 4,2 milyard manatına qənaət etmək o qədər də çətin olmayacaq (büdcədə investisiya xərcləri 4.9 milyard manat təşkil edir). Büdcə gəlirlərinin cəmi 11 milyard manatı transfert hesabına formalaşır. Büdcəni 4,2 milyard manat azaltmaq devalvasiya qədər ciddi problem yaratmayacaqdır.

Artıq bəzi analitiklər düşünürlər ki, rubl da yenidən öz dəyərini geri qaytaracaq. Bunun səbəbi ABŞ-ın çökməsidir və dollara inamın azalmasıdır. Artıq inkişaf etməkdə olan ölkələrin üstünlükləri yaranır. Qonşularımızda ciddi (30-40%) devalvasiya olmazsa ehtiyacımız olmayan tələbimiz artmayacaq və Koronavirusun fonunda ölkəmizdə istehlak da azalacağı üçün (səyahətlər azalır, qeyri ərzaq istehlakı və xüsusilə də xaricdən gələn mallar azalacaq) tədiyyə balansında ciddi təsir görünməyə bilər.

Böyük iqtisadiyyatlara neftin qiymətindəki və birjalardakı digər dəyişikliklər ani təsir edirsə kiçik iqtisadiyyatlar prosesi 5-6 ay izləyib reaksiya verməlidir, xüsusilə də ciddi rezervi olan ölkələr.

Düşünək ki, dolları satmaq əvəzinə devalvasiya etmək qərarı verildi. Bu halda itkilərimiz daha çox olacaqdır:

  1. Xarici borclarımız dollarda olduğu üçün daxildən yığdığımız vergilərlə bu borclara xidmət etmək çətin olacaqdır.
  2. Beynəlxalq Bankda 800 milyon dollardan çox açıq valyuta mövqe vardır. Dövlətin bankı olduğu üçün devalvalsiya olacağı təqdirdə dolayısı ilə bu açıq mövqedən yaranan zərər dövlətin zərəri olacaqdır. Bunun yerinə Mərkəzi Bankın ehtiyatından 800 milyon dollar satmaq eyni nəticə deməkdir.
  3. Devalvasiya olacağı təqdirdə iqtisadiyyatın bərpasına sərf ediləcək vaxt və xərc indi 2 milyard dollar satmaqla yaranan problemdən dəfələrlə çox olacaqdır.

Düşünürəm ki, hökümət əhalinin neftin düşməsinə reaksiyasını təhlil edibdir və yenə panika olacağını proqnoz edirdi. Əgər devalvasiyanın qaçılmaz olduğunu proqnoz etsəydi devalvasiya 10 martda olardı.

Rəqəmlərdən belə qənaətə gələ bilərik ki, Mərkəzi Bank son 4 gündə 800 milyon dollar satıb, 800 milyon dollar da Beynəlxalq Bank üçün satmalıdır və cəmi alıcıların tələbi isə 3 milyard dollardır. Belə nəticəyə gəlirik ki, Mərkəzi Bank ya bundan sonra 1.4 milyard dollar satacaq və panika aradan qalxacaq. Yaxud da devalvasiya baş verəcək. 30% devalvasiya baş versə Mərkəzi Bank 420 milyon dollar itkidən azad olacaqdır. Dəyərmi?

Banklarda növbələrdə sürətlə koronovirus yayılsa ölkə olaraq daha çox zərər edərik.