ANALİTİKA

13 Mart

Dollar almağa tələsməyin - ABŞ özü çökür

İntiqam Səfərəliyev yazır...

ABŞ-ın ən böyük şirkətlərini əhatə edən SP500 indeksi (tarixdə yalnız krizis dövrlərində göründüyü həcmdə) bir həftə ərzində 20% düşüb.

Bu, milyardlarla itki deməkdir. Kimin nə qədər itirdiyini gələcək informasiyalarda öyrənəcəyik. Reallıqda isə ABŞ və dünya iqtisadiyyatının tənəzzülü (geriyə getməsi) prosesi baş verir. Bu prosesi investorlar iki ildir gözləyir. Sadəcə ilk təkan baş verən kimi bütün investorlar bu istiqamətdə addım atdı. Fikirləşirəm ki, birjalarda səhmlərin və indekslərin düşməsi hələ davam edəcək.

Bu proqnoza səbəb isə dünya əhalisinin əsassız panika ilə qəbul etdiyi koronavirusun ABŞ-da yeni yayılmağa başlaması və bu prosesin sürətidir. Çin virusun mənbəyini bildiyi üçün onun çox yayılmasının qarşısını ala bildi. Amma digər ölkələr artıq virusun istənilən yerdən gələ biləcəyini bilir və bu ölkələrdə yayılmaq sürəti artacaq. Bu proses isə iqtisadi əlaqələri iflic edir. İqtisadi aktivliyin azalması isə ən çox inkişaf etmiş ölkələrə təsir edir. Nə üçün? Ərzaq məhsulları kasıb əhalinin istehlakının 50-70%-ni təşkil etdiyi halda inkişaf etmiş ölkələrdə bu göstərici 10-20% təşkil edə bilər. İndi insanlar ərzaqdan başqa bütün istehlaklarından imtina etdiyi zaman ABŞ iqtisadiyyatı daha çox zərər görəcək.

Eləcə də bax: Devalvasiya olmamalıdır. Rəqəmlər bunu təsdiq edir

Səbəb isə ABŞ-da iqtisadiyyatın sürət, aktivlik və istehlakın üzərində qurulmasıdır. Aktivlik və istehlak azalır, sürət isə sıfırlanır. ABŞ-ın virusa daha böyük panika ilə cavab verməsi göz qabağındadır (inernetdə videolara baxa bilərsiz). Çin 72 mln insanı karantində saxlaya bildi və virusun yayılmasının qarşısını ala bildi. ABŞ bunu edə bilmək üçün çox demokratikdir və daha böyük xərc çəkməli olacaq. Proqnozlar virusun 2 ay və daha çox aktual olacağını göstərir.

Bu halda ABŞ iqtisadiyyatı çox zərər çəkəcək. Məsələn, ABŞ-da 130 mln işçinin orta bir saatının qiyməti 23-24 dollar təşkil edir. Əgər ABŞ tətil elan edərsə, hər ay 500 milyard manat minimal zərər olacaq. Digər ölkələr başqa valyuta ilə ticarət etsələr, dolların əhəmiyyəti azalacaq. 23 trilyon dollar borcu olan dövlətin valyutasını alarkən bunları da nəzərə almalısınız.