Azərbaycanda hazırda ənənəvi avtomobil bazarının vəziyyətinin ürəkaçan deyil.
Bunu nəqliyyat eksperti Elməddin Muradlı Fins.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni avtomobillərin baha olması və Nazirlər Kabinetinin 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsini qadağan edən qərarı bazara mənfi təsir göstərib:
“Bu səbəblərdən avtomobil qiymətləri kəskin artıb, alıcılıq qabiliyyəti isə nəzərəçarpacaq dərəcədə azalıb. Belə bir şəraitdə daxili bazarda ikinci əl avtomobillərə maraq daha çox artıb, burada isə xüsusilə Çin avtomobilləri ön plana çıxır. Çin avtomobilləri Avropa və digər ölkələrin istehsal etdiyi ənənəvi avtomobillərdən daha ucuzdur. Bu amil, alıcıları Çin istehsalı avtomobillərə yönəldir. Çin avtomobilləri, Avropa və digər ölkələrin istehsal etdiyi ənənəvi avtomobillərdən daha ucuzdur. İkinci əl avtomobillərin qiymətləri isə yeni avtomobillərlə rəqabət edə biləcək səviyyədədir. Nəticədə, bir çox alıcılar daha sərfəli olduğu üçün Çin avtomobillərinə maraq göstərirlər.”
Bundan başqa, yeni avtomobillərin təhlükəsizlik baxımından üstünlük təşkil etdiyini və beş-altı il ərzində etibarlılığını qoruduğunu vurğulayan ekspert bildirir ki, yeni avtomobil almağı düşünən şəxslər daha çox Çin avtomobillərini seçirlər:
“Yeni avtomobillər həm də təhlükəsizlik baxımından daha yaxşıdır, zəmanət təklif edir və beş-altı il ərzində etibarlılığını qoruyur. Buna görə də, yeni avtomobil almağı düşünən şəxslər daha çox Çin avtomobillərini seçirlər”.
Bununla yanaşı, bazarda ənənəvi avtomobillərə üstünlük verən müəyyən alıcı qrupu da mövcuddur. E.Muradlının fikrincə, bu alıcılar daha çox Toyota, BMW, Mercedes və Lexus kimi markaların yeni modellərinə həvəs göstərirlər, lakin bu markalar adətən baha olduğundan, bu, yalnız məhdud bir qrup alıcıya şamil edilir:
“Bazarda müəyyən alıcılar var ki, ənənəvi avtomobillərə üstünlük verirlər. Bu alıcılar, xüsusilə Toyota, BMW, Mercedes və Lexus kimi brendlərin yeni modellərinə həvəs göstərən avtomobil həvəskarlarıdır. Bu markaların pərəstişkarları, yeni model çıxan kimi onları əldə etməyə çalışırlar, lakin bu hər kəsə şamil edilə bilməz, çünki qiymətlər kifayət qədər yüksəkdir”.
Qiymətlərin müqayisəsinə gəldikdə isə E.Muradlı vurğulayıb ki, eyni kuzada və mühərrik həcmi ilə bir ənənəvi avtomobilin qiyməti 100,000 manata çata bilər, lakin eyni xüsusiyyətlərə malik Çin avtomobili 50,000 manata bazara çıxarıla bilər. Bu səbəbdən, bir çox alıcılar daha əlverişli olan Çin avtomobillərinə üstünlük verirlər:
“Qiymət məsələsinə gəldikdə, eyni kuzada və mühərrik həcmi ilə bir ənənəvi avtomobili 100,000 manata ala biləcəyiniz halda, eyni xüsusiyyətlərə sahib bir Çin avtomobili 50,000 manata bazara çıxarıla bilər. Bu səbəbdən, bir çox alıcılar daha əlverişli olan Çin avtomobillərini seçirlər, çünki büdcələri ənənəvi markalara çatmır”.
Azərbaycan avtomobil bazarında hazırda iki əsas tendensiya müşahidə olunur: qiymətlərin artması və yeni avtomobil almağa imkanı olmayan alıcıların Çin istehsalı avtomobillərə yönəlməsi. Ənənəvi avtomobil brendlərinə maraq qalsa da, bazarın əsas hissəsi daha əlverişli seçimlərə üstünlük verir.
Fuad Mədətov
Fins.az