İlon Mask Çinə son səfəri zamanı avtomobillərinin özünü idarə etmə (FSD) funksiyalarını sınaqdan keçirməyi təklif edib.
AZƏRTAC bu barədə “China Daily” qəzetinə istinadla xəbər verir.
Öz növbəsində, Çin hökuməti “Tesla”nın ölkədə “robotaksi” sınağını təsdiqləyib.
Bununla belə, Çin səlahiyyətliləri FSD funksiyalarının geniş istifadəsinə dərhal razılıq verməyib. FSD-nin funksiyalarından tam istifadə etmək üçün “Tesla” şirkətin avtomobillərində sürücüyə yardım funksiyalarını tətbiq etmək məqsədilə avtomobillərinin ehtiyac duyduğu məlumatları toplamaq və ötürmək icazəsi almalıdır. Nəşr yazır ki, Maskın Çinə səfəri zamanı bu məsələ qaldırılmayıb.
FSD sistemi əksər avtomatlaşdırılmış sistemlər üçün çətin manevr hesab edilən avtomatik sürətlənmə, yavaşlama və dönüşləri, hətta qorunmayan sola dönmələri təmin edir. Qeyd edək ki, “Tesla”nın FSD sistemi sürücüdən yolda ayıq-sayıq olmağı və ilk fürsətdə avtomobili idarə etməyə hazır olmağı tələb edir.