AQRO

31 Dekabr

İLİN YEKUNU: 2023-cü ildə Azərbaycan şirkətlərinin ixracı dəfələrlə artıb

İqtisadiyyatın bir çox sahələrində effektivliyin artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və maliyyə dəstəyi kimi tədbirlərin həyata keçirilməsi sayəsində qeyri-neft sektorunun ölkə iqtisadiyyatına verdiyi töhfə ildən-ilə artır, Azərbaycanın strateji iqtisadi inkişaf kursunun nəzərdə tutduğu iqtisadiyyatın diversifikasiyası siyasəti uğurla icra olunur.

Fins.az xəbər verir ki, iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması kimi strateji hədəfi olan Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO da öz növbəsində ixracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasında aktiv rol oynayır. Bu mexanizmlərin siyahısına ixrac və alıcı missiyalarının təşkili, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbirləri, bazar araşdırmalarının aparılması, habelə sahibkarlara beynəlxalq sertifikatların alınmasına köməklik göstərilməsi və s. daxildir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun ixracında başlıca rol oynayan kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin gücləndirilməsi, habelə subsidiyaların ayrılması, vergi və gömrük güzəştlərinin tətbiq edilməsi, o cümlədən “ağıllı kənd təsərrüfatı” kimi məhsuldarlığı və istehsalı artıran prinsiplərin və layihələrin icra edilməsi sayəsində Azərbaycanda kənd təsərrüfatı sektoru son illərdə əhəmiyyətli artım və transformasiya yaşamaqla ölkənin qeyri-neft iqtisadi landşaftının əsas sahələrindən birinə çevrilib. Məhsuldarlığı artan əkin sahələri, əlverişli iqlim və dövlətin strateji təşəbbüslərinin kompleks halında birləşməsi sektoru yeni inkişaf mərhələsinə yüksəldib.

Milli iqtisadiyyatın şaxələndirilməsi davam etdikcə kənd təsərrüfatı sektorunda istehsalın və ixracın artması artıq müntəzəm xarakter daşımağa başlayıb. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə kənd təsərrüfatının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 3,1% artaraq 11,57 mlrd. manat təşkil edib. İxraca gəldikdə, hesabat dövründə Azərbaycandan xaricə 1 mlrd. ABŞ dolları dəyərində kənd təsərrüfatı və emalı məhsulları tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur. Bu, ümumi qeyri-neft ixracının 33%-ni təşkil edib.

Bu artımda AZPROMO-nun da xüsusi rolu olub. Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq xarici və yerli qida və kənd təsərrüfatı sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak edir. Bu platformalarda AZPROMO tərəfindən əlaqələndirmə işləri aparılır və sərgilərdə müntəzəm olaraq yerli şirkətlər ilə xarici idxalçılar arasında ixrac müqavilələri bağlanır. Bundan əlavə, AZPROMO xarici ölkələrdə yerli məhsulları təşviq edən ticarət evlərinin və ticarət nümayəndələrinin fəaliyyətini də əlaqələndirir.

Aparılan kompleks islahatların və dəstək mexanizmlərinin nəticəsində 2023-cü ilin ilk 11 ayında kənd təsərrüfatı sektorunda bir sıra şirkətlər ixrac həcmlərini dəfələrlə artırıb, ixrac coğrafiyalarını genişləndiriblər.

“Balxurma” MMC

2016-cı ildə fəaliyyətə başlayan “Balxurma” MMC ən müasir standartlara cavab verən avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan müəssisələrdə istehsal olunan quru və yarım-quru meyvə məhsullarını yerli və xarici bazarlara tədarük edir. Şirkət fəaliyyət dövrünün başlanğıcından AZPROMO-nun dəstəyi ilə bir çox sərgilərdə iştirak edib, 2017-ci ildə isə Moskva şəhərində keçirilən "WorldFood Moscow" beynəlxalq ərzaq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan məhsulları ilə ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb.

Uğurlu tendensiyanı davam etdirən quru meyvə istehsalçısı bu il də Agentliyin dəstəyi ilə Almaniyanın müvafiq olaraq Köln və Berlin şəhərlərində keçirilən “Anuga 2023”, və "Beynəlxalq Yaşıl Həftə" sərgilərində iştirak edib. Cari ilin ilk 11 ayında ixrac həcmini illik müqayisədə 73% artıran şirkət 2,9 mln. ABŞ dolları dəyərində quru meyvə ixrac edib. “Balxurma” növbəti ildə də "Beynəlxalq Yaşıl Həftə" sərgisində, Tokio şəhərində baş tutacaq "FOODEX JAPAN 2024" ərzaq məhsulları sərgisində, eləcə də Dubay şəhərində keçiriləcək “Gulfood 2024” sərgisində  iştirak etməyi planlaşdırır. Bununla yanaşı, MMC yeni ixrac bazarlarına – Bolqarıstan, Estoniya və Skandinaviya ölkələrinə məhsul göndərməyi nəzərdən keçirir.

“Grand Agro” MMC

Abşeron rayonunda yerləşən baxımsız və yararsız daş karxanalarını tullantılardan təmizləyərək ekoloji və kənd təsərrüfatına yararlı zeytun bağlarına çevirən “Grand Agro” MMC zeytun məhsullarının emalı və satışı da daxil olmaqla tam istehsalat zəncirini həyata keçirir. 2022-ci ildən istehsal etdiyi zeytun məhsullarının ixracına başlayan şirkət 2023-cü ilin yanvar-noyabr aylarında 2 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,5 dəfə çoxdur. AZPROMO-nun dəstəyi ilə bir çox sərgilərdə, xüsusilə “Gulfood” sərgilərinin aktiv iştirakçısı olan “Grand Agro”, bu platformadan yararlanaraq irihəcmli ixrac müqavilələri imzalayıb. Agentliyin dəstəyi ilə 2024-cü ilin mart ayında "FOODEX JAPAN 2024" ərzaq məhsulları sərgisində iştirak şirkətin gələcək planlarına daxildir. Qeyd edək ki, hazırda Rusiya, BƏƏ və İspaniyaya ixrac edən “Grand Agro” MMC İsrail bazarına da daxil olmağı planlaşdırır.

“Karaca Fındıq” MMC

İxrac coğrafiyası genişlənən meşə fındığının istehsalı və ixracında qlobal liderlərdən olan Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında ixracı 14,4% artıraraq 111,53 mln. ABŞ dollarına çatdırıb. Bu sektorda 15 il fəaliyyət göstərən “Karaca Fındıq” MMC müasir texnoloji həlləri cari fəaliyyətinə və strateji planlarına inteqrasiya edərək istehsalı artırır. AZPROMO-nun göstərdiyi dəstək nəticəsində müxtəlif sərgilərdə - bu il 6-cı Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – CIIE 2023), eləcə də "Anuga 2023” beynəlxalq qida sərgisi çərçivəsində vahid ölkə stendində məhsullarını nümayiş etdirib. Bu ilin ilk 11 ayında ixracını 2,8 dəfə artıraraq 2,6 mln. ABŞ dollarına çatdıran şirkət əsasən 3 istiqamətdə - Belarus, Almaniya və İtaliyaya ixrac edir.

Göründüyü kimi, Azərbaycanda qeyri-neft ixracının diversifikasiyasına ayrılan xüsusi diqqət öz bəhrəsini verir. Son 20 ildə qeyri-neft məhsullarının ixracı 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 mlrd. ABŞ dollarını ötüb. Bu ilin 11 ayının nəticələrinə görə ixrac göstərici artıq 3 mlrd. ABŞ dolların ötüb və yeni tarixi rekordun qeydə alınması gözlənilir. Azərbaycan hazırda 100-dən çox ölkəyə qeyri-neft məhsulları ixrac edir.

Qeyri-neft ixracının stimullaşdırılmasına hesablanan tədbirlər ilə yanaşı yeni mexanizmlərinin də hazırlanması prosesi davam edir. İxrac coğrafiyamızın genişləndirilməsini hədəfləyən logistikanın subsidiyalaşması mexanizmi Azərbaycan ərazisindən keçən tranzit yüklərin qiymətinin enməsi, bununla da ölkəmizin tranzit sahəsində rəqabət qabiliyyətinin artırılmasına dəstək məqsədi daşıyır. Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85%, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az