"36500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edən Ağdaş Suvarma Sistemləri İdarəsi 2022-ci ildə 15376 ha sahədə dənli bitkilərin suvarılmasında 3 dəfə, 8563 hektar yem bitkiləri sahəsində 6 dəfə, 1288 hektar bostan-tərəvəz sahəsində 5,7 dəfə, 6035 hektar çoxillik bitkilər sahəsində 5,4 dəfə, 4450 hektar həyətyanı sahələrdə 6,6 dəfə, 681 hektar çəltik bitkiləri sahəsində 4 dəfə, 252 hektar biyan bitkiləri sahəsində 4 dəfə vegetasiya suvarılması aparıb."
Bunu Fins.Az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. O, qeyd edib ki, ötən il ərzində üst-üstə 170000 hektara yaxın sahədə suvarılma aparılaraq yekunlaşıb:
"İdarə ötən il olduğu kimi bu ildə yeni suvarma mövsümü üçün hazırlıq işlərini bir neçə istiqamətdə davam etdirir. Rayonun ən qədim kəndlərindən olan Qaradeyin kəndində yay aylarında suvarmada olan çətinliklər artıq aradan qaldırılıb."
D.Şərifov onu da vurğulayıb ki, suvarılmanın yaxşılaşdırılması, su itkisinin qarşısının alınması istiqamətində də Ağdaş Suvarma Sistemləri İdarəsi tərtib olunmuş plana uyğun olaraq lildən təmizləmə və torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini davam etdirir:
"Ötən il ərzində suvarma kanallarında mexanizmlər vasitəsilə aparılmış lildən təmizləmə işlərinin həcmi 820 km olub. Bundan başqa idarə tərəfindən 14 ədəd müxtəlif hidrotexniki qurğuda cari təmir işləri görülüb. Əsaslı təmir tədbirləri çərçivəsində Hacılı kəndi ərazisində öz başlanğıcını Yuxarı Şirvan kanalından götürən köhnə beton üzlüklü suvarma kanalında əsaslı təmir işləri, o cümlədən kanalın beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğuların əsaslı təmiri həyata keçirilib."
Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı daşqın və selə qarşı mübarizə tədbirləri də aparır. Bu işlər çərçivəsində ötən il Türyançay çayında Türyançay qəsəbə yaxınlığında, Gürcüva kəndi ərazisində, Dəhnə kəndi ərazisində və Qəsil kəndi ərazisində mexanizimlər vasitəsi ilə 240 min m3 çay məcrasının təmizlənməsi işi həyata keçirilib.
Fuad Mədətov
Fins.Az