AQRO

13 Fevral

Tərtərdə növbəti suvarma mövsümünə ciddi hazırlıq işləri görülür - FOTO

Tərtər  rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir.

Fins.Az-ın məlumatına görə, bunu Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su itkisinin  qarşısının  alınması  üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da görülən işlərdən biridir:

“Əkin sahələrinin suvarılmasına 627 km-ə yaxın təsərrüfatlar daxili və təsərrüfatlar arası arxlar xidmət göstərir. Ötən il 397 min kub metr ekskvatorlarla, 116 min kub metr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb.”

D.Şərifov onu da əlavə edib ki, suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb.

“Ötən il su mənbələrindən 254791 min kub metr su götürülərək 156028 hektar sahəyə 199767 min kub metr su verilib.”

Qeyd edək ki, Tərtər Suvarma Sistemləri İdarəsi  29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtər çay, İncə çay, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsi ilə suvarılır.

Fuad Mədətov
Fins.Az