AQRO

09 Aprel

Qəbələdə heyvandarlıq məhsullarının istehsalı artıb

Heyvandarlıq Qəbələ rayonunda əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar sahəyə, o cümlədən heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, damazlıq işinin təşkili və süni mayalandırma tədbirlərinə görə fermerlərə əlavə subsidiyaların ayrılması rayonda bu sahənin inkişafına güclü təkan verib.

Qəbələ Rayon Statistika İdarəsindən bildirilib ki, son illər heyvandarlar süni mayalandırma yolu ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Belə ki, 2021-ci ilin ilk üç ayında rayonun şəxsi və fermer təsərrüfatlarında 2543 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni yolla mayalanmış heyvanlardan 1310 baş bala alınıb.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərir. Belə ki, cari ilin birinci rübündə rayonda 1335,6 ton diri çəkidə ət, 7 min 805,4 ton süd, 5 milyon 240 min ədəd yumurta istehsal olunub. 2021-ci il aprelin 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 43 min 976 baş iribuynuzlu mal-qara, o cümlədən 21 min 720 baş inək və camış, 178 min 385 baş qoyun və keçi, 740 baş donuz saxlanılıb.

Qurumdan bildirilib ki, rayonun təsərrüfatlarında yaz-tarla işlərinə də başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1390,4 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Məhsul istehsalçıları indiyədək 190 hektar sahədə kartof, 376,6 hektarda vələmir, 229 hektarda dən üçün qarğıdalı, 136 hektarda noxud, 100 hektarda tərəvəz, 95,2 hektarda birillik ot əkib, 263,6 hektar sahəyə yonca səpiblər.