ƏRZAQ SƏBƏTİ

Azərbaycanda süd emalı: durum və problemlər – MƏQALƏ
26 OKTYABR
506

Azərbaycanda süd emalı: durum və problemlər – MƏQALƏ

2016-10-26 16:28:00

Ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri olaraq süd emalı mühüm inkişaf potensialına malikdir. Bu sənaye sahəsi üçün xammal bazası oynayan heyvandırlıqla bağlı ölkədə tarixən ənənələr olub və bu sektor artıq yüz illəridr ölkə əhalisinin başlıca məşğuliyyət sahəsi olaraq qalmaqdadır. Digər tərəfdən, süd sənayesinin bütün məhsulları ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün zəruri olan qida səbətinin ən vacib məmulatları hesab edilir.

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların hazırkı strukturu və həcmi nəinki ölkə əhalisinin süd məhsullarına olan tələbatını tam ödəməyə, həmçinin bu məhsulların dünya bazarılarına ixracına da imkan verir. ölkənin 4.8 milyon hektar kənd təsərrfatına yararlı torpaq fondunun təxminən 2.7 milyon hektarı və ya 56.2%-i örüş və biçənək torpaqlarıdır. Əlavə olaraq, əkin üçün yararlı olan təxminən 1.8 milyon hektar torpaq fondunun müəyyən hissəsi heyvandarlğın inkişafı üçün zəruri olan yem bitkilərinin becərəliməsi üçün əlverişli hesab edilir. Bu baxımdan ölkənin süd və süd məhsullarına olan tələbatını daxili istehsal hesabına tam qarşılamaq üçün real iqtisadi imkanlar mövcuddur.   

Ölkədə illik istehsal gücü 5 000 tondan çox olan 10-dək iri süd emalı müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, Vergilər Nazirliyinin məlumat bazasında süd məhsullarının emalı ilə məşğul olan 30-dək kiçik müəssisənin də adına rast gəlmək mümkündür. Bu müəssislərdə demək olar ki, bütün növ süd emalı məhsulları – pasterizə olunmuş içmə südü, kərə yağı, qaymaq, kəsmik, pendir, şor, süd tozu istehsal edilir.

Ölkənin ərzaq balansı ilə bağlı rəsmi məlumata görə, ölkənin süd və süd məhsullarına illik tələbatı 2 milyon tondan çoxdur. Süd və süd məhsullarının adambaşına istehlakı 230 kiloqramı ötür. Rəsmi məlumata görə, bu məhsullara olan daxili tələbatın 85%-ə qədəri yerli istehsal, təxminən 15%-i idxal malları hesabına qarşılanır. İdxaldan asılılığın ən yüksək səviyyəsi kərə yağındadır. Ölkənin kərə yağı tələbatının 40%-nə qədəri xaricdən alınır.  Dövlət Statistika Komitəsinin ərzaq balansları statistikasına görə, istehlak dövriyyəsinə daxil olan və ərzaq ehtiyatı kimi saxlanan süd və süd məhsulları ehtiyatının 15%-i və ya 366 min tonu idxal edilib. 

Süd sənayesinin dövriyyəsi baxımından Azərbaycanın daxili bazarı o qədər də kiçiktutumu bazar deyil. Əhalinin sayı hər il orta hesabla 1-1.2% artır və ən son statistikaya görə ölkə əhalisinin sayı 9.7 milyon nəfəri ötüb. Rəsmi məlumatlar göstərir ki, süd və süd məhsulları əhalinin ərzaq istehlakında mühüm paya malik olan qida məhsullarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 118 saylı qərarına əsasən, hər bir əmək qabiliyyətli şəxs il ərzində 671 kiloqramdan az olmayaraq müxtəlif qida məhsulları (çörək və çörək məmulatları, süd və süd məmulatları, ər və ət məmulatları meyvə-tərəvəz və s.) istehlak etməlidir ki, qüvvədə olan normativə əsasən həmin qida kütləsinin də təxminən 34.4%-ni və ya 230.6 kiloqramını süd və süd məhsulları (kərə yağı da daxil) təşkil etməlidir.

Dövlət Statistika Komitəsinin ərzaq balansları statistikasına görə, 2015-ci ildə ölkə üzrə süd və süd məhsullarının ehtiyatları 2.455 milyon ton olub. Həmin ehtiyatların 392.4 min tonu bilavasitə təzə süd kimi birbaşa əhalinin istehlak dövriyyəsinə daxil olmuş, 1.952 milon tonu süd məhsullarının emalına yönəldilmişdir. Emal mərhələsinə daxil olan təzə südün 888.4 min tonu (45.5%) distillə edilmiş duru süd və qaymaq istehsalına, 524 min tonu (26.8%) kərə yağı istehsalına, 399.4 min tonu (20.5%), 125.8 min tonu (6.4%) qatıq istehsalında xammal kimi istifadə edilmişdir.         

Ərzaq balansları ilə bağlı statistikaya görə, 2015-ci ildə Azərbaycanda 863 min ton distillə edilmiş duru süd (yağlılığı 6%-dək və 6%-dən çox olan) və qaymaq, 43.7 min ton kərə yağı, 73.9 min ton pendir və kəsmik, 148.2 min ton qatıq və yoqurt istehlak edilmişdir. 

Son illər süd emalı sektoru xeyli genişlənməsində hökumətin bu sahəyə xeyli diqqət və resurslar ayırması mühüm rol oynayıb. Yalnız son 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun və “Aqrolizinq” ASC-nin dəstəyilə ölkədə 23 südlük heyvandarlıq ferması, 9 süd emalı müəssisəsi yaradılıb. Südlük fermalar üçün Almaniya, Avstriya və Hollandiya kimi ölkələrdən 26 950 baş yüksəkməhsuldarlıqlı cins mallar gətirilib və güzəştli kreditlərlə həmin təsərüfatlara verilib. Rəsmi məlumata görə, bu təsərrüfatların illik süd istehsalı gücü 190 410 ton qiymətləndirilib. 

Sahibkarlığa Kömək Milli Fondunun maliyyə və “Aqrolizinq” ASC-nin texniki dəstəyilə 2007-2015-ci illərdə ölkədə qurulan 9 süd emalı müəssisənin ümumi istehsal gücü 213 400 ton təşkil edir. Həmin müəssilərin ən böyüyü Ağcabədi rayonunda yerləşir və istehsal gücü illik 110 000 tondur. Kürdəmirdə 57 600 ton, Abşeronda 7 200 ton, Abşeronda 7 000 ton, Beyləqanda 6 000 ton, Qaxda 6000 ton, Salyanda 5 000 ton, Bərdədə 5 000 ton, Gədəbəydə 3600 ton olan digər 8 emal müəssisəsi də məhz güzəştli kreditlər hesabına qurulub.

Lakin ölkənin süd emalı sektorunun potensialı yalnız güzəştli kreditlər hesabına tikilən müəssisələrlə məhdudlaşmır. Əvvəlki dövrlərdə özəl sektorun öz kapitalı hesabına qurulmuş, yaxud dövlət əmlakının özəlləşdirilməsi nəticədində biznes sektorunun mülkiyyətinə keçmiş bir sıra süd emalı müəssisələri də mövcuddur.

Aparılan araşdırmalar göstərir ki. Hazırda Azərbaycanda fəaliyyət göstərən 10 iti süd emalı zavodundan yalnız 6-ı beynəlxalq ISO 9001:2000 və İSO 22000 sertifikatlarını alıblar. Yerdə qalan şirkətlər Standartlaşdırma Metrologiya və Patent uzrə Dovlət Komitəsinin sertifikatları əsasında fəaliyyət göstərirlər.

Rəsmi statistikanın məlumatlarından aydın olur ki, ölkədə emal prosesinə daxil olan 1 952 000 ton südün cəmi 377 800  tonu və ya 19.3%-i əmtəəlik məhsul kimi emal müəssisələrinə daxil olur. Yerdə qalan süd kütləsi ev təsərrüfatlarında təkmil olmayan vasitələrlə şəxsi istehlak üçün müxtəlif məhsullar (pendir, kərə yağı, qatıq, ayran) hazırlanır. Şübhəsiz ki, ev təsərrüfatları şəxsi istehlakdan artıq məhsulları pərakəndə satış kanalarına (əsasən yaşadıqları ərazidə yaşayan insanlara və kənd təsərrüfatı bazarlarına) yönəldirlər.

Azərbaycanda heyvandarlıq sektorunda istehsal olunan təzə südün az hissəsi emal müəssisələrinə gəlib çatır. Məsələn, rəsmi statistika 2015-ci ildə 1.925 milyon ton südün emal prosesinə daxil olduğu barədə məlumat yayıb. Amma Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur  ki, həmin südün ən yaxşı halda 40-45%-i əmtəəlik məhsul istehsalı üçün müəssisə şəraitində emal edilir. Yerdə qalan böyük hissə isə ev təsərrüfatlarında şəxsi istehlaka yönəldilir, şəxsi istehlakdan qalan artıq hissəsi isə qeyri-formal kanallarla satışa çıxarılır. Məsələn, 2015-ci ildə emal prosesinə daxil olan 855 700 ton təzə südün 377 800 min tonu və ya 44.1%-i içmək üçün satılmış, yerdə qalan hissəsi isə müxtəlif növ süd emalı məhsullarının hazırlanmasına sərf edilmişdir. Emal olununan süd kütləsindən yağlılığı 6%-də çox olan 5 100 ton qaymaq, 48 500  ton pendir və kəsmik, 23 935 ton kərə yağı istehsal edilmişdir. Rəsmi məlumatların təhlilindən belə görünür ki, emal olunan süd kütləsinin təxminən yarısı yüksək texniki-texnoloji imkanlara malik müəssisələrdə, digər yarısı isə ev təsərrüfatlarında istehsal edilir. Məsələn, ölkədə istehsal olunan 48 500 min ton pendir və kəsmiyin 18 800 min tonu, 23935.0 ton kərə yağının 13679.0 tonu emal müəssilələrində, yerdə qalan hissəsi isə bilavasitə təsə südün sağıldığı ıev təsərrüfatlarında istehsal olunur.      

Dövlət Statistika Komitəsinin məlumatları ölkənin süd və süd məhsullarına olan tələbatının təxminən 15%-ni idxal hesabına ödəndiyini qeyd etsə də, BMT-yə məxsus və beynəlxalq ticarət statistikasına dair məlumatları əks etdirən “Comtrade” informasiya bazası isə Azərbaycanın süd və süd məhsullarının idxalına daha böyük həcmdə vəsait xərclədiyini qeyd edir. Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatlarından aydın olur ki, 2015-ci ildə süd və süd məhsullarının idxalına təxminən 50 milyon dollar vəsait sərf edilib. Lakin “Comtrade”in məlumatına görə, 2015-ci ildə Azərbaycan süd və süd məhsullarının idxalına 137.5 milyon dollar xərcləyib. Ümumilikdə 31 ölkədən Azərbaycana süd və süd məhsulları idxal edilib, lakin ümumi idxalın 71%-i və ya 97.3 milyon dolları 4 ölkənin payına düşüb. Həmin ölkələrə Yeni Zelandiya, Türkiyə, Ukrayna və Rusiya daxildir. Ən çox idxal Yeni Zelandiyadan olub. Həmin ölkədən idxalın həcmi 55.8 milyon dollar olub ki, bu da süd və süd məhsulları üzrə məcmu idxalın 40.6%-nə bərabərdir.

Bu ölkələrdən əlavə, Azərbaycanın daha çox süd və süd məhsulları üzrə məcmu idxal etdiyi ölkələr sırasında Almaniya, Belorus, Fransa, Finlandiya, Latviya və Litva da var. 2015-ci ildə ölkəyə idxal edilən süd və süd məhsullarının 31.3 milyon dolları və ya 23%-i də bu 6 ölkənin payına düşüb.

Lakin problem ondadır ki, Azərbaycanın rəsmi dövlət qurumlarının da süd idxalı ilə bağlı informasiyaları bir-birilə ziddiyət təşkil edir. Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə “04” mal qrupu çərçivəsində Azərbaycana 41 041 ton həcmində süd və süd məhsulları idxal edilib. Lakin  Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları 2016” adlı nəşrində göstərilir ki, 2015-ci ildə süd və süd məhsullarının ümumi idxalı 366 000 ton təşkil edib.

Azərbaycanda süd emalı sektorunun istifadə edilməmiş potensial imkanları mövcud olsa da, sahənin xeyli problemləri də mövcuddur. Əvvəla, süd emalı sənayesi texniki, texnoloji və xammal baxımdan tam idxaldan asılı vəziyyətdədir. Nəzərə alaq ki, bütün bu vasitələr xarici valyuta ilə alınır və milli valyutanın daima dəyərdən düşdüyü şəraitdə bu sahənin sahibkarlarının xərclərini də artırır.

Digər mühüm problem süd istehsalçıları və emalçıları arasında münasibətlər müqavilə ilə tənzimlənməməsidir. Hazırda Azərbaycanda süd emalı üçün alınan südün əsas kütləsi rəsmi təsərrüfatlar kimi qeydiyyata alınmayan, fermer təsərrüfatı statusuna malik olmayan ev təsərrüfatlarından alınır. Belə təsərrüfatlarla isə emal müəssisəlrinin münasibətləri də mülki hüquqa söykənmir, qeyri-rəsmi xarakter daşıyır. Bu stiuasiyanın hər 2 tərəf üçün mənfi tərəflər var. Süd bol olduqda emal müəssisələri fermerlərin qiymətini istədiyi həddədək ucuzlaşdırmaq imkanı qazanır, yaxud şəxsi mülahizədən yanaşaraq istənilən ev təsərrüfatının məhsulunu götürməkdən imtina edə bilir. Təcrübədə belə vəziyyətin adətən süd bolluğunun yarandığı yaz-yay aylarında baş verməsi mümkündür. Südün nisbətən qıt olduğu payız-qış aylarında isə ev təsərrüfatları süd emal müəssisələri ilə qeyri-rəsmi anlaşmaları poza bilir. Fermerlər rəsmi müqavilə olmadığından daha baha qiymət təklif edən başqa bir sövdələşməyə hətta əvvəlki müəssisəyə məhsul göndərişini dayandırmaqla bağlı xəbərdarlıq etmədən razılaşır. Belə vəziyyət isə öz istehsal gücünü müəyyən xammal həcminə uyğunlaşdırmış emal müəssisələrinin iş ahəngini poza bilir. Rəsmi müqavilə öhdəliklərinin olmaması süd emalı müəssisələrinin qəbul etdiyi məhsulun keyfiyyəti baxımından da fermerlərdə məsuliyyət və öhdəlik yaratmır. Emalçılar ev təsərrüfatlarının bəzən təhvil verdikləri südün kütləsini artırmaq üçün onun tərkibinə su əlavə etdiklərindən şikayətlənirlər.

Ciddi problemlərdən biri süd istehsalçılarının pərakəndə və bir-birindən uzaq yerləşməsi, kiçik və çoxsayl olmasıdır. Belə vəziyyət süd emalı sektorunun xərclərini artırır, rəqabət qabiliyyətini aşağı salır.Araşdırmalargöstərir ki,hazırda Azərbaycanda süd istehsalı əsasən 2-3 baş inəkdən ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur. Kooperativlər ümumiyyətlə mövcud deyil, iri fermlar isə sağılan inək sayının ən yaxşı halda 3-4%-nə sahibdirlər. Emalçılar 1 orta ölçülü (məslən 150-200 baş südlük inək)  fermadan götürə biləcəyi xammal üçün bəzən 50-60 ev təsərrüfaına baş çəkməli olurlar. Bu həm zaman itkisidir, həm nəqliyyat xərcini artırmaqla maya dəyərini yüksəldir, həm də çoxlu sayda süd nümunələrini keyfiyyət analizindən keçirməyi zəruri edir. Lakin südün böyük təsərrüfatlardan və ya kooperativlərdən götürülməsi yalnız nəql xərclərinə qənaət etməyə imkan vermir. Bu təsərrüfatlarda ixtisaslaşmış baytar mütəxəssislərin saxlanması daimi nəzarət üçün  əlverişli imkan yaradır. Türkiyədə aparılan araşdrmalar göstərir ki, pərakəndə və kiçik ölçülü istehsalçılardan südün toplanması, daşınması və keyfiyyət analizindən keçirilməsi südün alış qiymətinin 15%-ə qədər əlavə xərc tələb edir.

Hökumətin dəstəyi qurulan fermalardan savayı demək olar ki, ölkədə müasir tələblərə cavab verən iri sağmal inək təsərrüfatları yoxdu. Hazırda Azərbaycanda 1.3 milyondan çox sağılan inək mövcuddur ki, ondan təxminən 27 min baş və ya bütün sağılan inəklərin 2%-i həmin fermaların payına düşür. Bu o deməkdir ki, ölkədə sağılan südün 90%-dən çoxu ev təsərrüfatlarının bəslədiyi heyvanlardan toplanır. 

Amma məsələn, Türkiyədə sağılan südün 10%-i müasir və meqa komplekslərdən, 50%-i orta ölçülü fermalardan, 40%-i isə ev təsərrüfatlarından toplanır. AB ölkələrində meqafermalar öz istehsal potensialının orta hesabla 95%-ni gerçəkləşdirə bilir. Türkiyədə bu göstərici 50%-dir.  Dünyada süd emalında aparıcı ölkələrdən olan Niderlandda süd istehsalında və emalında əhəmyyətli rol kooperativlərə məxsusdur. Hazırda bu ölkənin heyvandarlıq kompleksində 8 nəhəng kompaniyadan 6-ı məhz kooperativlərdir. Bund əlavə, ölkədə süd istehsalı ilə 25 000 ferma məşğuldur. İstehsal olunan südün demək olar ki, hamısı emal zavodlarına satılır. Kooperativlər süd bazarındakı rəqabətdə uduzmamaq üçün məhsulun keyfiyyətilə yanaşı, onun maya dəyərini aşağı salmağı çalışırlar. Odur ki, süd emalı kooperativləri yeni texnologiyaların tətbiqi məqsədilə fermalara maddi dəstək proqramları həyata keçirirlər.    

Azərbaycanda süd istehsalının və emal müəssisələrinin qəbul ediyi südün həcmini təsərrüfat ölçüsü əsasında qiymətləndirməyə imkan verən statistik müayinələr və məlumat bazası mövcud deyil.

Nəhayət, çox ciddi problemlərdən biri məhsulun satışı üçün bazar kanallarının məhdudluğudur. Araşdırmalar göstərir ki, süd emalçıları, xüsusilə də bölgədə yaşayan süd emalçıları satış imkanlarının məhdudluğunu əsas problemlərdən biri olaraq qabartdılar. Onlar bir tərəfdən coğrafi mədudluqdan əziyyət çəkirlər. Belə ki, regionlarda məhsul satmaq faktiki olaraq mümkün deyil, çünki ev təsərrüfatlarında əl texnologiyaları əsasında hazırlanan və daha ucuz başa gələn süd emalı məhsulları yüksək texnologiyalar əsasnda hazırlanan və nisbətən baha olan anoloji məhsulların satış kanallarını daraldır. Əlavə olaraq, Azərbaycanda əyalətlərdə yaşayan, hətta qeyri-aqrar sektorda çalıçan əhalinin böyük əksəriyyəti təkcə satış üçün yox, yardımçı təsərrüfat kimi öz ehtiyaclarını ödəyə biləcək sayda heyvanlar saxlayırlar. Başqa sözlə, hazırda regionlarda hər 100 ev təsərrüfatından ən yaxşı halda 20-25-i süd emalı müəssisələrinin potensial müştəriləridir. Ona görə də rayonlarda fəaliyyət göstərən müəssisələrin hamısı əsasən eyni coğörafi məkanda   - Bakı, Gəncə və Mingəçevir kimi bir neçə şəhərdə rəqabət aparmalı olurlar.

Digər tərəfdən isə satış kanallarının məhdudluğu var. Belə ki, hazırda emal müəssisləri əsasən supermarketlər şəbəkəsindən başqa bazar kanallarına məhsul sata bilmirlər. Halbuki bir sıra ölkələrdə süd sənayesinin məhsulları şirniyyat, kimya, tibb və çörək sənayesi üçün xammal kimi alınır. Halbuki müsahibəyə cəlb edilən emalçılar marketlərdən həmin sektorlardan heç birinə məhsul göndərmədiklərini qeyd ediblər.

Dünyada ictimai ehtiyaclar üçün dövlət satınalmaları da süd emalçıları üçün əsas satış kanallarından biri olsa da, Azərbaycanda xüsusilə də kiçik və orta ölçülü emalçılar bu kanalın az sayda iri istehsalçıların inhisarında olduğunu, bu sahədə rəqabətli və şəffaf alış mexanizmlərinin tətbiq edilmədiyini bildirir.

 

Müəllif:  Rövşən Ağayev

            İqtisadçı ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275