TURİZM

28 İyul

Azərbaycanda hotel gecələmələrinin sayı artıb: Əcnəbi turistlərin payı 60%-i ötüb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yerləşmə obyektlərində gecələmə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 1 milyon 971 minə çatıb.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gecələmələrin 62,6%-i Bakı şəhərində, 6,4%-i Qusarda, 4,9%-i Naftalanda, 4,4%-i Qəbələdə, 3,2%-i Şabranda, 3%-i Qubada, 2,6%-i Lənkəranda, 1,4%-i Şamaxıda, 1,1%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Şuşada, 1%-i Masallıda, 1%-i Xaçmazda, qalan 7,3%-i isə digər şəhər və rayonlardakı mehmanxana və hotel tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilmiş gecələmələrin sayı 10,3% artaraq 1 milyon 193 minə yüksəlib. Bu göstərici ümumi gecələmələrin 60,5%-ni təşkil edir.

Əcnəbi turistlər arasında Hindistandan gələnlər liderdir – ümumi gecələmələrin 19,3%-i onlara məxsusdur. Siyahının davamında Rusiya (12,8%), Türkiyə (9,1%), Səudiyyə Ərəbistanı (6,7%), BƏƏ (5,3%), İsrail (4,1%) və ABŞ (3,3%) qərarlaşıb.

Qalan gecələmələr Çin, Pakistan, Qazaxıstan, Özbəkistan, Küveyt, Böyük Britaniya, Almaniya, İtaliya, Gürcüstan, Bəhreyn, İran və digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin keçirdiyi gecələmələrin 80,8%-i Bakıda, 7,2%-i Qusarda, 4,1%-i Naftalanda, 3,2%-i Qəbələdə, 2,1%-i Qubada, 0,5%-i Şamaxıda, 2,1%-i isə digər bölgələrdə qeydə alınıb.

Azərbaycandan olan vətəndaşların hotel və mehmanxanalarda keçirdiyi gecələmə sayı isə 0,9% artaraq 778,1 min təşkil edib. Bu, ümumi gecələmələrin 39,5%-ni əhatə edir.

Fuad Mədətov
Finss.az