2025-ci ilin əvvəlindən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 yeni yerləşmə müəssisəsi fəaliyyətə başlayıb.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata əsasən, turizm infrastrukturunun bərpası və inkişafı çərçivəsində bir sıra rayon və şəhərlərdə yeni otellər və istirahət obyektləri istifadəyə verilib. Belə ki, Xankəndidə – “Bulud”, “Səfalı”, “Şəfəq”, “Yurd”, “Qızıl Gül”, Xocavənddə – “Xocavənd”, Ağdərədə – “Ağdərə” və “Riverside Hotel”, Laçında – “Lachin Hotel Resort”, Şuşada – “Yasəmən Hotel”, Zəngilanda isə “Ağalı Hotel” 2025-ci ildə fəaliyyətə başlayıb.
Qeyd edək ki, bu yerləşmə obyektlərinin istifadəyə verilməsi regionun turizm potensialının reallaşdırılması və yerli iqtisadiyyata töhfə baxımından mühüm əhəmiyyət kəsb edir.