TURİZM

09 İyul

Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olunub

Finss.az - 8-9 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirak edib.

Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib. 

Fuad Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraq turizm üzrə statistik göstəricilərdən bəhs edib. 

Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib. 

Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid Muzey Kartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələr tərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyata keçirilməsi təklifi müzakirə edilib. 

İclas çərçivəsində “Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.