Finss.az - Qazaxıstanın milli aviadaşıyıcısı olan “Air Astana” şirkəti mayın 31-də Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Atıraudan Bakıya ilk uçuşun təntənəli qarşılanma mərasimi keçirilib.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Təntənəli qarşılanma zamanı sərnişinləri Qazaxıstanın Azərbaycandakı səfiri cənab Alim Bayel, “Air Astana” şirkətinin nümayəndələri və Bakı aeroportunun rəhbərliyi qarşılayıblar.
Səfir Alim Bayel qeyd edib ki, yeni reysin açılması Qazaxıstanla Azərbaycan arasında dinamik şəkildə inkişaf edən iqtisadi və mədəni əlaqələrin bariz nümunəsidir:
“Ölkələrimiz arasında əlaqələrin intensivliyinin göstəricilərindən biri də uçuşların sayıdır. Şadıq ki, bu say artmaqdadır və uçuşların coğrafiyası genişlənir. Bu yay Qazaxıstanla Azərbaycan arasında həftəlik uçuşların sayı 34-ə çatacaq. İcazə verilən maksimum say isə 70-dir. Yaxın zamanda Çimkent şəhəri də bu xəttə əlavə olunacaq.”
Yeni açılmış Atırau–Bakı reysi həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuş müddəti 1 saat 30 dəqiqə təşkil edir.
Bu marşrut iki ölkə arasında turizm, biznes və regional əməkdaşlıq üçün əlavə imkanlar yaradır və Xəzəryanı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım sayılır.