TURİZM

14 Noyabr

COP29: Beynəlxalq aviasiya və iqlim dəyişikliyi müzakirə ediləcək

Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə birgə təşkil edəcək.

Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər barədə diskussiya aparacaqlar.

Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən 2% paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da, yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinin digər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.

Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalq təşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasət və çərçivələr barədə fikir mübadiləsi aparılacaq.

Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlim böhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davam etdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələr verəcək.

 

Zemfira Ms
Fins.az