Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçirilən tədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası olacaq.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil edəcək.
Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindən araşdırılması məqsədi daşıyır.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası ilə bağlı strategiyaların hazırlanması gözlənilir.
Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviq edəcək.
Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün şəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobusların istismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsi tələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları, elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturu və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətin mərkəzində dayanır.
Zemfira Ms
Fins.az