Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.
Fins.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu layihə həyata keçirildiyi təqdirdə, turist qatarları Türkiyədən başlayaraq, bu ölkələrin müxtəlif şəhərlərində başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
TCDD, turistik qatar xətləri təklifini genişləndirərək müştəri marağını artırmağı planlayır. Hal-hazırda, Şərq Ekspresi, Diyarbəkir Ekspresi, Qərbi Qara dəniz (Duz) Ekspresi və Tatvan Ekspresi ilə turizmə töhfə verən TCDD, yeni marşrutları səyahətsevərlərin istifadəsinə təqdim etməyə hazırlaşır.
2025-ci ildən etibarən planlaşdırılan yeni marşrutlar arasında Konya-Adana Toros Ekspresi, Adana-Qaziantep Qastronomiya Ekspresi, Göllər Ekspresi və Efes Ekspresi də yer alır. Bu addımlar Türkiyənin daxili turist ekspress xətləri sayını 8-ə çatdıracaq və ölkənin dəmir yolu turizm sahəsini daha da inkişaf etdirəcək.
Fuad Mədətov
Fins.az