TURİZM

02 Sentyabr

Hotellərdən ƏDV-ni geri almaq mümkündürmü?

Otellərdən, mehmanxanalardan ƏDV-ni geri almaq mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan təyin edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizidir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır.

Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən mehmanxana və ya digər xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmayıb. Lakin, yeməkxana tərəfindən göstərilən ictimai iaşə xidmətlərinə görə ödənilən ƏDV-nin müəyyən edilmiş hissəsinin geri qaytarılması mümkündür.

Bunun üçün, yeməkxana fəaliyyətini həyata keçirən vergiödəyicisi sadələşdirilmiş vergi yox, ƏDV ödəyicisi kimi uçotda olmalıdır. Sorğuda qeyd olunan halın araşdırılması üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin “Onlayn müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” altbölməsi vasitəsilə müraciət edilə bilər.