TURIZM

31 Mart

Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya

Qarabağda müxtəlif kateqoriyalardan, həmçinin lüks, yerli brendlərə aid hotellərin və digər yerləşmə müəssisələrinin tikintisi gündəmdədir.

Bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı katibi Günay Sağlam deyib.

Qarabağın çox böyük turizm potensialına malik olduğunu deyən G.Sağlam qeyd edib ki, assosiasiya olaraq, əsas hədəfləri o potensialı inkişaf etdirmək, yerli və beynəlxalq investorların Azərbaycanın möhtəşəm gözəlliyə malik bu regionuna xüsusi diqqət yetirmələrini və hər regionun özünəməxsus cəhətlərini nəzərə alaraq yeni layihələr formalaşdırmalarını təşviq etməkdir:

"Sevindirici haldır ki, artıq regionda yenidənqurma işlərinə başlanılıb. İlk olaraq, "Qarabağ" hotelinin bərpa işlərinə start verilib. Hazırki mərhələdə Qarabağın turizm potensialının üzərində intensiv iş gedir, eləcə də müxtəlif təkliflər və layihələr formalaşdırılır. Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən, müxtəlif kateqoriyalardan, həmçinim lüks və yerli brendlərə aid hotellərin və digər yerləşmə müəssisələrinin tikintisi gündəmdədir. Əlbəttə, bu istiqamətdə planlar yalnız hotellərin tikintisi ilə bağlı deyil, eyni zamanda turistlərin rahatlığı və məmnunluğu üçün kompleks sistemli yanaşma tətbiq olunaraq müxtəlif növ turizm məhsullarının yaradılması da önəmlidir".