Toyota Aygo modeli kross-hetçbekə çevrilib – FOTO

Aygo modeli Avropa bazarında satılan ən kiçik və ən sərfəli Toyota avtomobilidir. Yapon konserni PSA ittifaqı ilə əməkdaşlıqda bu modelin iki nəslini buraxıb, indi isə növbə modelin üçüncü nəslinə gəlib çatıb. Bu dəfə fransızlar oyundan kənarda qalıblar, ona görə də, Peugeot və Citroen markaları altında oxşar avtomobillər olmayacaqlar. Toyota Aygo modeli isə, eyni zamanda öz imicini dəyişib.

Yaradıcıları yeni Aygo X hetçbekini krossover adlandırırlar: yaponlar bu avtomobilin A sinfinə aid unikal təklif kimi səciyyələndirirlər. Krossoverliyin əsas əlamətləri qara plastikdən olan kuzov dəsti, 11 millimetr artırılmış klirens, habelə diametri 17 və ya 18 düym olan təkər diskləridir. Üstəlik, daha brutal obrazı  yaratmaq üçün ön şüşənin meyl bucağı 10% (24 dərəcə) azaldılıb. Təbii ki, tam ötürmədən söhbət gedə bilməz.

Avtomobilin dizaynı üzərində Fransanın ED2 studiyası işləyib. Artıq üçqapılı versiyalar olmayacaq, lakin beşqapılı variant üçün əvvəlki kimi qatlanan yumşaq dam təklif olunur: nəhəng lyuk əllə geriyə çəkilən “tent” ilə açılıb-bağlanır. Əvvəlki modelin xüsusiyyətləri də qorunub saxlanılıb – arxa qapının qatlanan pəncərələri (aşağıya doğru açılanların əvəzinə) və baqaj qapısının bütöv şüşə paneli. Bütün işıq cihazları işıqdiodlarından hazırlanır.

Nəsil dəyişikliyi ilə birlikdə Toyota Aygo modeli nəzərəçarpacaq dərəcədə böyüyüb. Kross-hetçbek birinci nəsil Yaris modelindən daha böyükdür! Əvvəlki modellə müqayisədə, yeni Aygo X hetçbekinin uzunluğu 235 millimetrm (3700 millimetr), eni – 125 millimetr (1740 millimetr), hündürlüyü isə 50 millimetr (1510 millimetr) artıb. Bununla belə, avtomobilin təkər bazası yalnız 90 millimetr (2430 millimetr) uzadılıb.

Məlum məsələdir ki, avtomobilin interyeri daha geniş olub, lakin salonun ölçüsünün artması qabaritlərin artımı ilə müqayisə edilə bilməz. Məsələn, ön oturacaqlar arasındakı məsafə cəmi 40 millimetr artıb. Krossover konseptinə uyğun olaraq, oturacaqlar yol səthinə nisbətən əvvəlkindən 55 millimetr yüksəkdə yerləşirlər. Baqaj bölməsi də nəzərəçarpacaq dərəcədə genişlənib: onun uzunluğu 125 millimetr, həcmi isə 168 litrdən 231 litrə qədər artırılıb. Arxa cərgənin qatlanması halında maksimum həcm 829 litr təşkil edir.

Avtomobilin səs-küy izolyasiyası yaxşılaşdırılmış, avadanlıq siyahısı isə genişləndirilmişdir. Aygo X modelində, ön oturacaqların arasında yerləşən mərkəzi hava yastığı da daxil olmaqla, yeddi təhlükəsizlik yastığı var. Opsiyalar siyahısına doqquz düymlük ekranı olan Toyota Smart Connect mediasistemi və baqajda sabvuferi olan JBL audio sistemi daxil edilib. Toyota Safety Sense elektron köməkçiləri kompleksi artıq “bazada” quraşdırılır: kompleksin tərkibinə ön kamerası və radarı olan avtomatik əyləc sistemi daxildir.

Toyota Aygo X modeli indiki Yaris hetçbeki ilə eyni GA-B platformasına (TNGA arxitekturasının variasiyası) əsaslanır, lakin kross-hetçbek üçün barabanlı arxa əyləcləri olan ən sadə versiya götürülüb. Mühərrik dəyişilməyib: bu, əvvəlki 72 at qüvvəli 1,0-litrlik üçsilindrli 1KR-FE atmosfer mühərrikidir.  Aqreqat yalnız cari ekoloji normalara uyğunlaşdırılıb. Standart olaraq, mühərrik beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Əvvəlki bir muftalı “robotun” əvəzinə isə, variator təklif olunur. Toyota qiyməti qaldırmamaq üçün hibrid versiyanı hazırlamayıb.

Ciddi şəkildə böyümüş hetçbek bir qədər ağırlaşıb: əgər əvvəlki modelin baza versiyası 855 kiloqram çəkiyə malik olduğu halda, indi belə versiyanın çəkisi ən azı 940 kiloqramdır. Mühərrik dəyişmədiyindən avtomobilin dinamikası nəzərəçarpacaq dərəcədə pisləşib: mexaniki transmissiyalı versiya 100 km/saata  14,2 saniyə əvəzinə 15,6 saniyəyə sürətlənir. Maksimal sürət 160-dan 158 km/saata düşüb. Variatorlu versiyanın göstəriciləri, müvafiq olaraq, 15,5 saniyə və 151 km/saatdır.

Aygo X kross-hetçbeki əvvəlki modelin buraxıldığı zavodda istehsal olunacaqdır: bu ilin yanvarında Çexiyanın Kolini şəhərindəki TPCA (Toyota Peugeot Citroen Automobile) birgə müəsissəsi tamamilə yapon şirkətinin mülkiyyətinə keçib və indi Toyota Motor Manufacturing Czech Republic adlanır. Dekabr ayında burada yeni Aygo X və Yaris modellərinin istehsalına başlanacaqdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin satışdan çıxarılan modelin Almaniyadakı satış qiymətlərinin13 290 avrodan başladlığını nəzərə alsaq və yeni kross-hetçbekin daha baha satılacağını söyləmək olar. Autograph

SHARE THIS STORY

FacebookTelegramTwitter