Tibb

03 İyun

Telemedicina istifadəsi 3 dəfə artıb

Finss.az — Rusiyada telemedicina xidmətləri sağlamlıq sektorunda sürətlə böyüyür və xüsusilə uzaq regionlarda əhəmiyyətli rol oynamağa başlayıb.

“Reklam Programmatika” Platformasının analitiklərinin apardığı araşdırmaya görə, 2023–2024-cü illərdə telemedicina istifadəçi bazası demək olar ki, üç dəfə artaraq 17,5 mindən 48 minə yüksəlib. Lakin 2025-ci ilin ilk rübündə istifadəçi fəallığında kiçik azalma müşahidə olunub.

Tədqiqatın nəticələrinə görə, əsas istifadəçi qrupu 25–44 yaş arası şəxslərdir və onlar ümumi auditoriyanın 60%-ni təşkil edir. Ən aktiv seqment isə 35–44 yaşlılar olub. Maraqlı məqam ondan ibarətdir ki, əvvəlki illərdə telemedicinaya müraciət edənlər arasında kişilər üstünlük təşkil etsə də, 2025-ci ilin ilk rübündə kişi və qadın istifadəçilərin payı bərabərləşib.

Böyük şəhərlər — Moskva, Sankt-Peterburq və Krasnodar — telemedicina xidmətlərinə ən çox marağın olduğu regionlardır. İstifadəçilərin yarıdan çoxu orta gəlir səviyyəsində olsa da, yüksək gəlirli təbəqənin payı da əhəmiyyətlidir.

Qeyd edək ki, alternativ tibb sahəsində də telemedicina istifadəsi stabilliyini qoruyub: istifadəçilərin təxminən 3%-i homeopatiya, aromaterapiya və xiropraktika kimi xidmətlərə müraciət edir. Bu tendensiya xüsusilə böyük şəhərlərdə daha çox müşahidə olunur.