Finss.az - Pfizer və Arvinas biotexnologiya şirkətləri tərəfindən birgə hazırlanmış eksperimental “vepdegstrant” adlı dərman, müəyyən genetik mutasiyaya malik süd vəzi xərçəngi xəstələrində xəstəliyin irəliləməsini əhəmiyyətli dərəcədə ləngidib.
Yeni məlumatlara əsasən, bu dərman AstraZeneca şirkətinin bazarda olan Fazlodex preparatı ilə müqayisədə xəstəliyin proqressiyasız sağ qalma müddətini 3 aydan çox artırıb.
III fazalı klinik sınaqlarda ESR1 gen mutasiyasına malik olan 624 qadın iştirak edib. Tədqiqat göstərib ki, vepdegstrant bu xəstələrdə sağ qalma müddətini orta hesabla 5 aya qədər uzadıb. Müqayisə üçün, Fazlodex ilə bu göstərici təxminən 2 ay təşkil edib.
Əldə edilən nəticələr mart ayında açıqlanan ilkin məlumatlarla üst-üstə düşür. Həmin dövrdə vepdegstrantın gen mutasiyalı xəstələr üçün effektivliyi təsdiqlənsə də, geniş xəstə qrupunda faydası hələ sübut olunmamışdı. Bu qeyri-müəyyənlik səbəbindən Arvinas şirkətinin səhm qiymətləri kəskin şəkildə azalmışdı.
Yeni açıqlanan statistikaya əsasən, dərman böyük pasiyent qrupunda ümumi sağ qalma müddətini 3,8 ay, Fazlodex isə 3,6 ay artırıb.
Sınaqlar, süd vəzi xərçəngi hallarının təxminən 70%-ni təşkil edən hormon reseptor pozitiv (HR+) və HER2 neqativ növ üzərində aparılıb. Bu nəticələr vepdegstrantın bazarda müalicə variantı kimi mövqeyini gücləndirə bilər və Arvinas üçün yeni maliyyə imkanlarının qapısını aça bilər.