SOSİUM

13 Noyabr

Tam ödənişsiz peşə hazırlığı kursları işsizlər üçün açıqdır - DOST Agentliyi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) gənclərin və işaxtaran şəxslərin əmək bazarına hazırlığını artırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirir.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq DOST Agentliyindən məlumat verilib.

Agentlikdən verilən açıqlamada bildirilib ki, DOST Agentliyi bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə çox sıx əməkdaşlıq edir və əsas məqsədləri odur ki, gənclər və ümumiyyətlə, işaxtaran şəxslər qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnsinlər:

"Bu məqsədlə peşə hazırlığı proqramları həyata keçirilir və həmin proqramlar vasitəsilə insanlar əmək bazarına daha hazır şəkildə daxil olurlar.”

Agentlikdən verilən açıqlamada bildirilib ki, peşə hazırlığı proqramları xüsusilə işsiz və ixtisası olmayan şəxslər üçün vacibdir:

“Məsələn, işaxtaran və ya işsiz şəxsin uyğun ixtisası və ya peşəsi olmadıqda, yaxud əvvəlki peşəsi üzrə işləmək imkanını itirdikdə, biz onları peşə hazırlığına cəlb edirik. Həmçinin, müəyyən hallarda bacarıqların artırılması zərurəti yaranırsa, o zaman da bu imkanlardan yararlana bilirlər.”

Agentlik vurğulayıb ki, proqramlar tamamilə ödənişsizdir və əsasən işsiz şəxslər, kənd təsərrüfatına yararlı torpaq payı olub, başqa məşğulluğu olmayan şəxslər və müəyyən faizlə işaxtaranlar üçün nəzərdə tutulub:

“Bu proqramlar tamamilə ödənişsizdir. Burada əsasən işsiz şəxslər, kənd təsərrüfatına yararlı torpaq payı olub, başqa məşğulluğu olmayan şəxslər və müəyyən faizlə işaxtaranlar iştirak edə bilirlər.”

Həmçinin peşə hazırlığı kurslarının müddəti və məzmunu barədə də məlumat verilib:

“Peşə hazırlığı kursları altı aya qədər davam edir və bu müddətdə iştirakçılar həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Kursu uğurla başa vuranlara diplom və ya sertifikat təqdim olunur ki, bu da onların gələcək məşğulluq imkanlarını artırır.”

Agentlik bildirib ki, pilot layihələr vasitəsilə işaxtaranların daha sürətli və səmərəli məşğulluğu təmin olunur:

“Hazırda biz Bakı DOST Mərkəzlərində Dövlət Məşğulluq Agentliyi ilə birgə pilot layihə həyata keçiririk. Bu layihə vasitəsilə müraciət edən işaxtaranların daha sürətli və səmərəli şəkildə işlə təmin olunmasına nail oluruq. Məqsədimiz odur ki, gənclər yalnız iş tapsınlar deyə yox, həm də öz bilik və bacarıqları ilə dayanıqlı məşğulluq qursunlar.”

DOST-un peşə hazırlığı və fərdi məşğulluq strategiyaları gənclərin əmək bazarına uyğunlaşmasını sürətləndirir, onların dayanıqlı karyera imkanlarını artırır və texnoloji transformasiyanın yaratdığı çağırışlara cavab verir.

Fuad Mədətov
Finss.az