Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) gənclərin əmək bazarına hazırlığını artırmaq və startap/innovasiya fəaliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə bir sıra xüsusi proqram və layihələr həyata keçirir.
Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq DOST Agentliyindən məlumat verilib.
Agentlikdən verilən açıqlamada bildirilib ki, bu istiqamətdə DOST Agentliyi bir neçə xüsusi proqram və layihə həyata keçirir:
"İlk olaraq qeyd edim ki, bizim əsas məqsədimiz gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların bilik və bacarıqlarını təkmilləşdirməsinə dəstək olmaqdır.”
Agentlikdən xüsusi olaraq əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək layihəsi qeyd olunub:
“Bu baxımdan, Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək layihəsi xüsusi önəm daşıyır. Layihə UNICEF Azərbaycan, DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Məqsəd - əlilliyi olan gənclərin əmək bazarına inteqrasiyasına dəstək vermək, onların peşə və fərdi bacarıqlarını artırmaqdır. Layihə çərçivəsində biz həm də ‘Tələbələrin Akselerasiya Proqramı’nı təşkil etmişik ki, bu da gənclərin startap və innovativ fəaliyyətə marağını artırmağa xidmət edir.”
DOST-un digər təşəbbüsləri arasında “Könüllü DOST” proqramı və onun altproqramları xüsusi yer tutur:
“Bundan başqa, DOST Agentliyinin ‘Könüllü DOST’ proqramı və onun altproqramları da bu məqsədə yönəlib. Bu proqramın 7 altproqramı var ki, onlardan ‘Gənc DOST’, ‘İnklüziv DOST’, ‘DigiDOST’, ‘TeleDOST’ və ‘Distant DOST’ altproqramları birbaşa gənclərlə işləyir. Bu proqramlar gənclərə real iş mühitində təcrübə qazanmaq, müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmaq, o cümlədən yumşaq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.”
Agentlik vurğulayıb ki, bütün bu təşəbbüslər gənclərin gələcək karyera inkişafına və əmək bazarına uğurlu adaptasiyasına xidmət edir:
“Ümumilikdə, bu təşəbbüslər gənclərin gələcək karyera inkişafına və əmək bazarına uğurlu adaptasiyasına dəstək məqsədi daşıyır.”
Ekspertlər qeyd edirlər ki, DOST-un həyata keçirdiyi proqramlar gənclərin həm peşə bacarıqlarının, həm də innovativ düşüncə qabiliyyətlərinin inkişafına yönəldilmiş çoxsahəli tədbirlərdən ibarətdir və ölkədə gənc potensialın səmərəli istifadəsi baxımından önəmli rol oynayır.
Fuad Mədətov
Finss.az
