SOSİUM

23 Oktyabr

2026-cı ildən ünvanlı sosial yardım məbləği artırılacaq - Vüqar Bayramov

2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən ediləcək. Bu dəyişiklik ünvanlı sosial yardımın aylıq məbləğinin artmasına və müraciət imkanlarının genişlənməsinə şərait yaradacaq.

Finss.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında açıqlayıb. O bildirib ki, ehtiyac meyarının artırılması nəticəsində vətəndaşlar daha yüksək məbləğdə sosial yardım ala biləcək və daha çox ailə proqramdan faydalanacaq.

Deputat misal gətirib: ailənin 5 üzvü var və onların rəsmi aylıq gəliri 900 manatdır. Cari ildə həmin ailənin xərci 1 425 manat (5 nəfər × 285 manat) hesablanır. Xərc ilə gəlir arasındakı fərq 525 manat olduğundan ailə aylıq sosial yardımı 525 manat alır.

2026-cı ildən ehtiyac meyarı 5 nəfər üçün 1 500 manata (5 × 300 manat) yüksələcək. Beləliklə, ailənin gəliri dəyişmədiyi halda aylıq yardım 525 manatdan 600 manata qalxacaq.

Hazırda 80 300 aztəminatlı ailənin 353 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu da göstərir ki, artımlardan faydalanacaq ailələrin sayı kifayət qədər çox olacaq.

Fuad Mədətov
Finss.az