SOSİUM

26 Sentyabr

“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici tədbir keçirilib

Finss.az - 25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkotik vasitələrin zərərləri barədə maarifləndirməni gücləndirmək və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək olub.

Proqram çərçivəsində əvvəlcə “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova açılış nitqi ilə çıxış edərək gənclərin narkomaniyaya qarşı mübarizədə fəal rolunun vacibliyini vurğulayıb. Daha sonra təşkilatın təşəbbüsü ilə hazırlanmış sosial çarx nümayiş olunub.

Tədbir panel müzakirə və təlim formatında davam edib.

Paneldə Milli Məclisin deputatları Vüqar İskəndərov və Samir Vəliyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elmir Şirinov, Ədliyyə Nazirliyinin Bioloji Ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Zeynəddin Azaqov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli çıxış edərək gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlər və gələcək perspektivlər barədə məlumat veriblər.

Təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov ölkədə narkotik vasitələrlə bağlı aparılan mübarizə tədbirləri, profilaktik işlər və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə layihələri barədə danışıb. O, narkomaniya ilə mübarizədə maarifləndirmənin və ictimai həmrəyliyin xüsusi rolunu vurğulayıb.

Təlim çərçivəsində auditoriyaya həyat hekayəsi ilə ilham verən qonaq təqdim olunub. Tanınmış boksçu Cavid Tağıyev 14 il davam edən narkotik asılılığı ilə mübarizəsindən və bu çətin sınaqdan çıxaraq yaratdığı reabilitasiya mərkəzi vasitəsilə başqalarına dəstək olmasından bəhs edib. Onun şəxsi təcrübəsi tədbir iştirakçıları üçün həm güc, həm də ümid nümunəsi olub.

Daha sonra psixoloq, “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova mövzuya fərqli aspektdən yanaşaraq psixoloji dəstəyin əhəmiyyətindən, ailə institutunun gücləndirilməsinin vacibliyindən və cəmiyyətin birgə məsuliyyət daşımasının önəmindən danışıb. Onun sözlərinə görə, asılılıqdan qorunma və müalicə prosesində ailə və cəmiyyətin fəal iştirakı həlledici rol oynayır.

Tədbirin sonunda “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov “Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində təşkil olunan rəsm sərgisində və sosial çarxda fəallıq göstərən gənclərə Təşəkkürnamələr təqdim edib.

Layihə çərçivəsində görülən işlər gələcəkdə daha genişmiqyaslı maarifləndirici kampaniyaların aparılmasına zəmin yaradacaq.