SOSİUM

25 Sentyabr

Maliyyə savadlılığı erkən yaşda öyrədilməlidir ki, gələcəkdə uğur təmin olunsun - Leyla Quliyeva

Azərbaycanda təhsil xərclərinin idarə olunması ailələr və tələbələr üçün aktual məsələ olaraq qalır.

Məsələ ilə bağlı Finss.az-a danışan beynəlxalq təhsil kouçu Leyla Quliyeva hesab edir ki, maliyyə savadlılığının uşaqlara erkən yaşdan öyrədilməsi onların gələcək həyatına ciddi təsir göstərir:

“Təhsil xərclərinə qənaət, xərclərin düzgün idarə edilməsi nə qədər vacib olduğunu hamımız bilirik. Deyə bilərik ki, hamının ehtiyac duyduğu əsas bacarıqlardan biridir. Lakin şagirdlər necə öyrədilməlidir, hardan başlanılmalıdır və sağlam münasibət necə formalaşdırılmalıdır? Əsas məqamlardan biri budur ki, hər şey məlumatdan başlayır. İlk olaraq onlara məlumatlar aşılanmalıdır. Onların həyatında olmazsa olmaz dedikləri əşyalar haqqında danışıb, dostlarının onlarla bölüşdüyü və istədikləri şeyləri müzakirə edərək niyə onları istədiklərini başa düşmələrinə kömək edirik. Çalışmalıyıq ki, bu əşyalar və maraq doğuran məqamların onlar üçün niyə vacib olduğunu uşaqlar özləri anlaya bilsinlər.”

Ekspertin sözlərinə görə, maliyyə savadlılığının öyrədilməsi yalnız məlumat verməklə kifayətlənməməlidir, çünki uşaqlar valideynlərinin davranışlarını təkrarlayaraq öyrənirlər:

“Digər vacib məqam isə maliyyəni necə planlaşdırmağı öyrənməkdir. Uşaqlar valideynlərinə baxaraq onların etdiklərini təkrarlayırlar. Bunu hamımız bilirik və bizim də bir gözəl misalımız var: ‘uşaq ailənin güzgüsüdür’. Bu məntiqi yanaşma ilə, əgər valideynin bir büdcəsi varsa və maliyyə izləməsi üçün proqramı varsa, uşaq da bunu görməli, ona izah olunmalıdır. Bu izahdan sonra çox güman ki, gələcəkdə qərarlar verərkən bunu xatırlayacaq.”

L.Quliyeva həmçinin yaşa uyğun məsuliyyət verməyin vacibliyini vurğulayır:

“Ən əsas məqam isə yaşa uyğun məsuliyyət verməkdir. Uşaq məsuliyyət verildiyini anlayaraq, xərclərin dəyərini və gedişatını izləyir, düzgün qərarlar qəbul etdiyini görür. Bu isə gələcəkdə onun karyerasında, həyatında, təhsilində maliyyə xərclərini qənaətlə və düzgün idarə etməsini təmin edən, daha professional və anlayışlı bir şəxs kimi formalaşmasına kömək edəcəkdir.”

Praktiki tövsiyələr

Ekspertin tövsiyələrinə əsaslanaraq, ailələr və tələbələr təhsil xərclərinə qənaət etmək üçün aşağıdakı addımları ata bilərlər:

  1. Büdcə planlaması: Təhsil xərcləri üçün ayrıca büdcə yaratmaq və xərcləri izləmək.
  2. Təhsil haqlarını optimallaşdırmaq: Təqaüdlər, burs proqramları və mərhələli ödəniş seçimlərindən faydalanmaq.
  3. Kitab və dərs vəsaitlərinə qənaət: İkinci əl kitablar, kitab mübadiləsi və elektron resurslardan istifadə etmək.
  4. Nəqliyyat xərclərini azaltmaq: İctimai nəqliyyat, velosiped və ya yoldaşlarla paylaşım imkanlarından yararlanmaq.
  5. Gündəlik xərcləri planlaşdırmaq: Evdə yemək hazırlamaq, alış-verişi planlı şəkildə həyata keçirmək.
  6. Tələbə endirimləri və proqramlardan istifadə: Tələbə kartları və xüsusi kampaniyaları izləmək.
  7. Maliyyə savadlılığı və məsuliyyət: Uşaqlara yaşa uyğun maliyyə məsuliyyəti vermək, xərclərin dəyərini başa salmaq və qərar verməyə öyrətmək.

L.Quliyevanın fikrincə, bu addımlar yalnız xərcləri azaltmaqla kifayətlənmir, eyni zamanda uşaqların gələcəkdə maliyyə qərarlarını məsuliyyətlə verməsinə və təhsildə uğurlu olmasına şərait yaradır.