Finss.az - 2025-ci il üçün məktəbli formaları və geyim bazarında qiymətlər ötən illə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Analitiklərin məlumatına görə, qiymət endirimləri 20–30% təşkil edir və əsasən dövlət müəssisələrinin istehsalı olan məhsullara aiddir.
Bakı Tikiş Evi ASC (BTE) tərəfindən təqdim olunan yeni qiymətlər belədir: qısaqol polo köynək 8 manat, uzunqol köynək 10 manat, şalvar və ətək 15 manat, jaket 20 manat. 2024-cü ildə isə eyni məhsulların qiymətləri müvafiq olaraq 12, 12, 20 və 30 manat olub.
BTE-nin satış müdiri Etibar Əzimov bildirir ki, qiymət endirimləri rəqabətə davamlı olmaq və keyfiyyətli məhsulları əlverişli qiymətə təqdim etmək məqsədilə həyata keçirilib. Onun sözlərinə görə, bu qiymətlər ilin sonuna qədər sabit qalacaq.
Bazarın digər iştirakçıları da qiymətləri endirib. Məsələn, Pumba Kids mağazasında məktəb koftaları 9.99 manatdan, şalvar və ətəklər 19.90 manatdan, jiletlər 22.80 manatdan, jaketlər isə 27.80 manatdan başlayır. Buratino mağazasında isə köynəklər 7.90 manatdan, ətəklər 14.90 manatdan, şalvarlar 25.20 manatdan, jaketlər isə 9.90 manatdan satılır.
Valideynlər isə keyfiyyət məsələsinə diqqət yetirirlər. BTE-nin məhsulları sertifikatlı materiallardan hazırlanır və bir il zəmanətlə təqdim olunur. Qiymət müqayisəsi apararkən məhsulun keyfiyyəti və istehsal ölkəsi nəzərə alınmalıdır.