Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, hazırda müsabiqə nəticələrinin emalı davam edir. Bildirilib ki, ümumi müsabiqədən əvvəl xüsusi təyinatlı ali məktəblərə, Azərbaycan–Fransız Universitetinə, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına və digər ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Bu proses müəyyən vaxt tələb etdiyindən nəticələrin gələn həftənin əvvəlində açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb. Ümumilikdə 86 min 460 abituriyent elektron ixtisas seçimi ərizəsini təsdiqləyib.