SOSİUM

07 İyul

Magistraturaya ixtisas seçimi başlayıb

Finss.az - Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi mərhələsinə start verilib.

Bu barədə məlumatı Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Bildirilib ki, seçim hüququ 2025-ci il 16 fevral və 11 may tarixlərində keçirilmiş magistraturaya qəbul imtahanlarının birinci və ikinci cəhdində minimal tələbləri ödəyən, eləcə də bəzi hallarda qabiliyyət imtahanında uğur qazanan bakalavrlara aiddir.

İxtisaslaşma seçimi 7–13 iyul tarixlərində elektron qaydada aparılacaq. Bakalavrlar müsabiqədə imtahanın istənilən cəhdində topladıqları bal əsasında iştirak edə bilərlər. Hər iki imtahanda tələbləri ödəyən namizədlər isə daha yüksək nəticəni seçmək hüququna malikdirlər.

Bakalavrlar seçim ərizəsinə 20-dək ixtisaslaşma kodunu daxil edə və onları istədikləri ardıcıllıqla sıralaya bilərlər. Seçim yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi” təsdiqləndikdən sonra keçərli sayılır.

Qəbul proqramları və ixtisaslaşmalar haqqında ətraflı məlumat “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub. Jurnalı DİM-in binasından, Abituriyent satış məntəqəsindən, kitab mağazalarından, www.abiturient.az saytından və Wolt tətbiqi vasitəsilə əldə etmək mümkündür.