Finss.az - 2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 148 678 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarışlarla təmin edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
Dövlət Xidmətindən verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 24 147-si (16,8 %) ilkin qeydiyyat, 123 731-i isə (83,2 %) təkrar qeydiyyatdır. İlkin qeydiyyatlarda 4 faiz artım, təkrar qeydiyyatlarda isə 5,1 faiz azalma müşahidə olunub.
Hesabat dövründə fərdi yaşayış və bağ evləri üzərində 26 019, mənzillər üzrə 35 630, torpaq sahələri üzrə 81 642, qeyri-yaşayış binaları üzrə 1 237, qeyri-yaşayış sahələri üzrə 3 794, əmlak kompleksləri üzrə 285, çoxmərtəbəli yaşayış binaları üzrə 68, çoxillik əkmələr üzrə isə 3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Qeydiyyata alınan mülkiyyət hüquqlarının 38 659-u paytaxt Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Eyni zamanda, son 1 ildə tərtib olunan texniki pasportların sayı 8,2 faiz azalaraq 105 328-ə, qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 16,1 faiz azalma ilə 24 599-a düşüb.