Finss.az - Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ilin Məhərrəm ayının 1-nin iyunun 26-na təsadüf edəcəyini açıqlayıb.
Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına əsasən, Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır və 1447-ci ilin başlanğıcı Məhərrəm ayının başlanması ilə qeyd olunacaq.
İdarədən bildirilib ki, dindarlar İmam Hüseyn (ə) və şəhidlərin xatirəsinə qan vermək kimi humanist ənənəni davam etdirməyə çağırılır. Bu məqsədlə qan banklarının filiallarında könüllü qanvermə aksiyaları keçiriləcək, müvafiq ünvanlar Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında təqdim olunacaq.
Fətvada həmçinin Məhərrəm və Səfər aylarında keçirilən təziyə mərasimlərində qan çıxarmaq, bədənə xəsarət yetirmək, sinə vurmaq kimi dini qaydalara zidd hərəkətlərin qəbuledilməz olduğu vurğulanıb. Təziyə mərasimlərinin yalnız məscid və ziyarətgah kimi aid ərazilərdə keçirilməsi, dövlətçilik dəyərlərinə zidd şüarların səsləndirilməməsi tələb olunur.
Qafqaz Müsəlmanları İdarəsi qeyd edir ki, bu dövrdə Azərbaycanın dövlətçiliyinin, suverenliyinin və milli birliyinin qorunması vacibdir. Din xadimləri vəd qətiyyətlə Vətən sevgisini, milli dəyərlərə sədaqəti təbliğ etməli, bölgələrdə keçirilən tədbirlər barədə hesabatlar təqdim edilməlidir.
Məhərrəmlikdə Kərbəla şəhidləri ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibəsi, 20 Yanvar və Xocalı soyqırımı şəhidlərinin xatirəsi də yad olunacaq, şəhidlərə rəhmət, qazilərə şəfa dilənəcək.
Qafqaz Müsəlmanları İdarəsi xalqımızı və dövlətimizi uca Allahın hifz etməsini, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinin uğurlu olmasını diləyir.