Finss.az - Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərə əsasən, erkən pensiyaya çıxan vətəndaşların pensiya ödənişləri güzəşt müddətində dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Deputat bildirib ki, çoxuşaqlı ailələrdə bəzi hallarda analar 59, atalar isə 60 yaşında pensiyaya çıxa bilirlər. Yeni qanuna əsasən, bu vətəndaşların erkən pensiya dövründə aldıqları vəsait artıq Dövlət Sosial Müdafiə Fondu (DSMF) deyil, birbaşa dövlət büdcəsindən ödəniləcək.
Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan digər güzəştlər — liliput və fizioloji mütənasibliyi pozulmuş şəxslərin 20 ilə qədər erkən pensiya dövrü, 81–100% əlilliyi olanlara, 18 yaşına qədər əlilliyi müəyyən edilənlərə və ahıllara qulluqla bağlı güzəştlər də dövlət büdcəsi hesabına təmin ediləcək. Bu dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Təsdiqlənmiş digər dəyişiklik isə mülki aviasiya sektorunda çalışanların pensiya hüquqlarına aiddir. Belə ki, uçuş və uçuş-sınaq heyətinin pensiya təminatı ilə bağlı hüquqi əsaslar artıq daha unifikasiya olunmuş və qanunvericiliklə uyğunlaşdırılmış formada tənzimlənəcək.
Deputatın sözlərinə görə, bu dəyişikliklər həm sosial müdafiə imkanlarının genişləndirilməsi, həm də pensiya sistemində fiskal dayanıqlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət büdcəsi ilə DSMF-nin maliyyə öhdəliklərinin dəqiq bölünməsi də bu islahatın məqsədləri sırasındadır.