Finss.az - PASHA Holdinq, Azərbaycan Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclərin “İnternat məzunlarının sosial inteqrasiyası” ictimai təşkilatının birgə dəstəyi ilə «Təklikdə uşaqlarını tək böyüdən anaların sosial inkişafının dəstəklənməsi II» layihəsi çərçivəsində Göylər kəndində yeni sosial sahibkarlıq müəssisəsi istifadəyə verilib.
Layihənin əsas məqsədi tək anaların uşaqlarının dövlət uşaq müəssisələrinə verilməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Az gəlirli, tək uşaqlarını böyüdən qadınlar peşə hazırlığı kurslarından keçərək zəruri avadanlıqlarla təmin olunublar və artıq yeni müəssisədə fəaliyyətə başlayıblar.
Qeyd olunur ki, layihənin birinci mərhələsində Şamaxı rayonundakı sosial tikiş müəssisəsində işçi sayı 10-dan 18-ə yüksəldilib. İkinci mərhələdə isə Göylər kəndində açılan müəssisədə 20 nəfərin işlə təmin olunması planlaşdırılır. Layihənin sonunda isə Şamaxı rayonunda 100 qadının daimi işlə təmin olunması hədəflənir.
Bu təşəbbüs tək anaların və aztəminatlı ailələrin sosial həyatda daha fəal iştirakı, iqtisadi və sosial təşəbbüslərinin dəstəklənməsi və onların sahibkarlıq fəaliyyətlərinin inkişafı üçün əhəmiyyətli addımdır.