Finss.az - Bloomberg Milyarderlər İndeksinin hesablamalarına görə, 2025-ci ilin aprel ayının 30-na olan məlumata əsasən, 94 yaşlı Warren Buffett-in şəxsi sərvəti 167 milyard dollar təşkil edir.
Lakin son iyirmi ildə Buffett, hazırkı dəyəri 230 milyard dollar olan səhm hədiyyə edib. Əgər o, bu kapitalı qoruyub saxlasaydı, dünyanın ən zəngin adamı olardı və İlon Mask-ı qabaqlayardı.
Buffett isə öz uzun müddətli vədini yerinə yetirərək sərvətinin 99,5%-ni xeyriyyəçilik məqsədilə verir. 2006-cı ildə o, təxminən 44 milyard dollar olan kapitalının 85%-ni dərhal bağışlamaq niyyətini açıqladı. Bundan başqa, 2010-cu ildən Bill və Melinda Gates ilə birlikdə Giving Pledge təşəbbüsünün həmtəsisçisi oldu və digər milyarderləri də sərvətlərini xeyriyyəçiliyə həsr etməyə çağırdı.
Giving Pledge və Buffett-in xeyriyyəçilik fəallığı nəticəsində, Berkshire Hathaway səhmiləri Gates Fondu və Buffett-in ailə fondlarına ötürülür. Buffett 2010-cu ildə yazdığı məktubda vurğulamışdı ki, “əgər sərvətimin 1%-dən çoxunu özümüzə xərcləsək, daha xoşbəxt olmayacağıq, qalan 99%-i isə başqalarının həyatını yaxşılaşdıra bilər.”
2024-cü ildə səhmdarlara yazdığı məktubda Buffett bildirdi ki, onun vəfatından sonra aktivlər övladları tərəfindən paylanacaq və Gates Fondu artıq onun ianələrini qəbul etməyəcək. Bill Gates isə fondu 2045-ci ilə qədər bağlamağı planlaşdırır.
Warren Buffett-in həyat tərzi və sərvətə münasibəti də diqqət çəkir. O, sadə həyat tərzi ilə Omaha-da 1958-ci ildən aldığı evdə yaşayır, ukulele çalmağı və briç oynamağı sevir, qənaətcil həyat tərzi ilə tanınır. Sərvətinin böyük hissəsi hələ də Berkshire Hathaway səhmilərindədir.
Buffett həmçinin irs məsələsində prinsipial mövqeyə malikdir. 2004-cü ildə həyat yoldaşı Susan vəfat etdikdən sonra övladlarına hərəyə 10 milyon dollar paylayıb. O bildirib:
“Çox zəngin valideynlər övladlarına hər şeyi edə bilmələri üçün kifayət qədər vəsait qoymalıdır, amma heç nə etməmələri üçün çox böyük məbləğ qoymamalıdırlar.”