SOSİUM

15 May

Bakıda ipoteka məhdudiyyətləri bazarı dəyişdirib: İnvestisiya alışı və yeni tikililərə tələbat artıb

Son bir il ərzində Bakı şəhərinin təkrar mənzil bazarında təkcə qiymətlər deyil, bazarın strukturu da nəzərəçarpacaq şəkildə dəyişib.

Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

İpoteka qaydalarında tətbiq edilən dəyişikliklər – xüsusilə böyük məbləğli ödənişlərdə mənbə tələbi və köhnə tikililərin kreditləşdirilməsinə qoyulan məhdudiyyətlər – ilkin mərhələdə bazarda aktivliyin azalmasına səbəb olub. Lakin alıcılar bu vəziyyətə nisbətən tez uyğunlaşmış, nəticədə, bazar dinamikasını bərpa edib.

Struktur dəyişikliklərin əsas məqamları:

  • Köhnə mənzillər seqmentində qiymətlər nisbətən stabil qalıb. Kreditləşmədəki çətinliklər alıcılıq qabiliyyətini məhdudlaşdırdığından, bu seqmentdə qiymətlərdə ciddi artım müşahidə olunmayıb.
  • Əvəzində, yeni tikililərdə qiymət artımı davam edib. Yüksək tələbat və kredit məhdudiyyətlərindən azad olmaları bu seqmentin artım trendini qoruyub saxlamasına səbəb olub.

İnvestisiya tendensiyası güclənir

Bazarın strukturunda digər mühüm dəyişiklik, investisiya məqsədli alıcıların fəallığının artmasıdır. Daşınmaz əmlak – xüsusilə tikilməkdə olan yeni binalar – bir çox vətəndaş tərəfindən sərmayə aləti kimi qiymətləndirilir. Bu tendensiya daha çox yeni tikili mənzilin bazarda dolaşıma daxil olmasına səbəb olub.

Qiymət göstəricilərinə təsir:

Bazarın strukturundakı dəyişikliklər orta qiymətlərin hesablanmasına müəyyən təsir etsə də, ümumi qiymət artımının əsas səbəbi real tələb təzyiqidir. Yəni 2024-2025 dövründə müşahidə edilən bahalaşma struktur dəyişikliyindən daha çox əhalinin mənzilə olan real ehtiyacı və artan tələbatla izah olunur.

Fuad Mədətov
Finss.az