SOSİUM

07 May

Azərbaycanda xarici ticarət riskləri izlənəcək: Yeni qaydalar təsdiq edildi

Finss.az - Dövlət Gömrük Komitəsinin Kollegiyası "Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar"ı təsdiq edib.

Bu barədə Kollegiyanın sədri, komitə sədri Şahin Bağırov yeni qərar imzalayıb.

Yeni qaydalar xarici ticarət əməliyyatlarında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətinin risk dərəcəsini müəyyənləşdirmək məqsədi daşıyır. Qərara əsasən, risk qruplarının müəyyənləşdirilməsi üçün bir sıra meyarlar əsas götürüləcək. Bunlar arasında aşağıdakılar yer alır:

  • İqtisadi fəaliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyəti;

  • Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də gömrük, vergi, maliyyə, ekoloji və idarəçilik sahəsində inzibati xətalar;

  • Bu sahələr üzrə davam edən istintaq və araşdırmalar;

  • Xarici ticarət sahəsində fəaliyyətin müddəti, əməliyyatların sayı və dövriyyəsi;

  • İşçi sayı və həyata keçirilmiş əməliyyatların nəticələri;

  • Vergi riskləri – o cümlədən vergi orqanlarında riskli vergi ödəyicisi kimi qeydiyyat;

  • Güzəştli vergi tutulan ölkələrlə aparılan əməliyyatlar;

  • Gömrük və ya vergi borcunun mövcudluğu;

  • Vergi orqanlarında qeydiyyatda olan anbar və digər təsərrüfat obyektlərinin infrastruktur vəziyyəti.

Qərara əsasən, Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi bu sənədi 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Yeni qaydaların tətbiqi ölkədə xarici ticarət sahəsində şəffaflığın və təhlükəsizliyin artırılmasına xidmət edəcək.