SOSİUM

14 Aprel

Azərbaycanda muzdla çalışan işçilərin orta əməkhaqqı 10,2% artıb

2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1043,6 manat təşkil edib. Bu göstərici, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində əməkhaqqı digər sahələrlə müqayisədə daha yüksək olub.

2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışanların sayı 1 milyon 758,8 min nəfərə çatıb. Onlardan 878,5 min nəfəri dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Təhsil sahəsində muzdla işləyənlərin payı 18,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 18,6 faiz, sənaye sektorunda 13,7 faiz, səhiyyə və sosial xidmətlərdə 8,5 faiz, tikinti sahəsində isə 6,5 faiz təşkil edib.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində çalışanların payı 6,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,2 faiz, peşə, elmi və texniki fəaliyyətdə 3,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,3 faiz, maliyyə və sığorta fəaliyyətində isə 2,3 faiz olub. Digər sahələrdə isə bu göstərici 14,9 faizə bərabərdir.

Fuad Mədətov
Finss.az