SOSİUM

08 Aprel

İlon Maskın sərvəti 300 mld. dollar həddindən aşağı düşdü

Finss.az - Dünyanın ən varlı insanlarından biri olan İlon Maskın sərvəti 2024-cü ilin noyabrından bəri ilk dəfə olaraq 300 milyard dollardan aşağı enib.

Seeking Alpha-nın məlumatına görə, bu geriləmənin əsas səbəbi Tesla şirkətinin səhmlərində baş verən ciddi dəyər itkisi olub.

Qeyd olunur ki, Tesla-nın səhmləri 2024-cü ilin dekabr ayında qeydə alınan rekord səviyyədən 50%-dən çox ucuzlaşıb. Yalnız 7 aprel tarixində Mask bu eniş nəticəsində 4,4 milyard dollar itirib. Nəticədə onun sərvəti 297,8 milyard dollara düşüb. 2025-ci ilin əvvəlindən bu yana ümumi itkiləri 134,7 milyard dollara çatır.

Digər milyarderlər də zərər edib

İlon Maskla yanaşı, digər texnologiya nəhənglərinin rəhbərləri də sərvətlərində ciddi azalma ilə üzləşiblər. Amazon-un qurucusu və rəhbəri Ceff Bezos bu il ərzində 42,6 milyard dollar itirib və onun hazırkı sərvəti 192 milyard dollar olaraq qiymətləndirilir. Meta şirkətinin təsisçisi Mark Zukerberq isə 24,5 milyard dollar zərər edib.

Uorren Baffett sərvətini artıran azsaylı milyarderlərdəndir

Qlobal bazarlarda qeyri-müəyyənliyə baxmayaraq, ABŞ-ın prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumları bəzi investorların sərvətinə müsbət təsir edib. Onlardan biri də maliyyə aləminin əfsanəvi siması Uorren Baffettdir. Onun sərvəti 11,5 milyard dollar artaraq 154 milyard dollara yüksəlib.