Fins.az - “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək sərnişinlərin təhlükəsiz, rahat və vaxtında səyahətini təmin edib.
Tətil günlərində ADY-nin qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası marşrutlar üzrə ümumilikdə 73 885 sərnişinə xidmət göstərib. Artan tələbatı qarşılamaq məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təşkil olunaraq 2239 sərnişin daşınıb. Bakı–Ağstafa–Bakı marşrutu üzrə isə hər iki istiqamətdə 14 əlavə reys təyin edilib və 10 416 sərnişin mənzil başına çatdırılıb.
Yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarının hərəkəti bərpa olunub. Bu marşrut üzrə doluluq səviyyəsi 90%-dən çox olub, bayram günlərində isə 578 sərnişin daşınıb.
Ümumilikdə, tətil günlərində ADY rayonlararası istiqamətlərdə 13 233 sərnişinə xidmət göstərib ki, onlardan 5686 nəfəri əlavə reyslə daşınıb.
2024-cü il ərzində ADY tərəfindən 8,5 milyon sərnişinə xidmət göstərilib və ardıcıl ikinci dəfə rekord göstərici qeydə alınıb. 2023-cü ildə bu rəqəm 7 milyon idi. Həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, bu isə əvvəlki ilin 30 min sərnişin göstəricisini üstələyib.