Fins.az - "Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il beynəlxalq daşımaları sürətləndirən və ticarət əməliyyatlarını daha çevik edən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqinə başlayıb.
Yeni sistemin tətbiqi, bir neçə sənədi vahid formatla əvəzləyərək gömrük prosedurlarını sürətləndirir və sərhəd keçidində yaranan riskləri azaldır.
Məlumata görə, elektron yük qaiməsi həmçinin qonşu ölkələrin mövcud İT sistemlərinə məlumatların birbaşa ötürülməsini təmin edir. Bu isə "vahid daxiletmə" prinsipi ilə işləyərək avtomatlaşdırılmış məlumat mübadiləsini mümkün edir. Yeniliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri möhkəmləndirir.
ADY, həmçinin daşımaların idarə edilməsini və yüklərin real vaxt rejimində monitorinqini optimallaşdırmaq məqsədilə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi proseslərini davam etdirib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirərək, Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində aparılan analoji rəqəmsallaşma təşəbbüsləri də bu istiqamətdəki əhəmiyyətli addımlardandır.
Bundan əlavə, ADY istehsal proseslərinin təhlilini apararaq şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemin inkişafına dair konseptual çərçivə yaradıb. Bu sistemlər, yükdaşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılmasına imkan verir. ADY-nin bu təşəbbüsləri, həmçinin, beynəlxalq yükdaşımaların daha da asanlaşdırılmasına və Azərbaycan Respublikasının nəqliyyat sektoru üçün müasir həllərin tətbiqinə böyük töhfə verir.