SOSİUM

26 Dekabr

Fond 3 mld. manatlıq kapital bazarı töfhəsi verib

Fins.az - Dünən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təlim keçirilib.

Təlimin əsas məqsədi, Azərbaycan vətəndaşlarının yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihələr və sahibkarlara göstərilən maliyyə dəstəyi ilə bağlı məlumatlandırmanı gücləndirmək olub.

İpoteka və Kredit Zəmanət Fondunun inkişafı və iştirakı

Tədbirdə çıxış edən Fondun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov, 2017-ci ildə fəaliyyətə başlayan fondun ölkənin kapital bazarlarının inkişafına əhəmiyyətli töhfələr verdiyini vurğulayıb. O, bildirib ki, fond tərəfindən kapital bazarlarına təqribən 3 milyard manata yaxın vəsait daxil olub və hazırda fondun istiqrazlarının həcmi 2 milyard manatdan artıqdır. Fondun əsas nizamnamə kapitalı 1,78 milyard manata yaxınlaşır və aktivlərə nisbəti 33,4 faiz təşkil edir.

İpoteka kreditləri və zəmanət mexanizmi

İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev, 2018-ci ildən etibarən zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin ümumi həcminin 98,8 milyon manat təşkil etdiyini qeyd edib. O, qeyd edib ki, verilmiş kreditlərin 32 faizi güzəştli ipoteka kreditləri olub və bu kredilərdən əhalinin 70 faizindən çoxu gənclər və gənc ailələr tərəfindən istifadə edilib. Regionlarda verilmiş kreditlərin həcmi isə 18 faizdir. Bundan əlavə, zəmanət mexanizmi nəticəsində 11 regionda 1134 vətəndaş ipoteka kreditlərindən faydalanıb.

Sahibkarlığa dəstək və kredit zəmanəti

Təlimin digər bir vacib hissəsində İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlığa dəstək alətləri barədə məlumat verilib. Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov, indiyədək fondun zəmanəti ilə Azərbaycan sahibkarlarına 540 milyon manatdan çox kredit verildiyini açıqlayıb. Dövlət zəmanəti ilə verilən kreditlərin həcmi isə 282,2 milyon manatdır. Kərimov, bu kreditlərin tikinti, emal sənayesi və digər sahələrə ayrıldığını və bu sayədə 7 minə yaxın yeni iş yerinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Əmlak sığortası və kreditləşmə

Seminar çərçivəsində, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun sığorta sahəsindəki fəaliyyəti barədə də məlumat verilib. 2022-2024-cü illərdə fondun xətti ilə 17 min 750-dən çox həyat sığortası və 40 min 661 əmlak sığortası müqaviləsi imzalanıb. Üstəlik, son üç ildə verilmiş ipoteka kreditləri üzrə 16,4 min əmlak qiymətləndirilib.