Finss.az - Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "Nəqliyyat və Logistika Komissiyası"nın iclası keçirilib.
İclasda, Komissiyanın sədri Kamran Həbibov yeni hazırlanan "Nəqliyyat ekspedisiya haqqında" qanun layihəsi barədə məlumat verərək, Komissiya üzvlərinin bu prosesdə fəal iştirak etdiyini bildirib.
İclasda, komissiya üzvləri, 2025-ci ildən etibarən konteyner yüklərinin daşınmasında çəki və hündürlük məsələlərinin ortaya çıxması ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Onlar, bu yeni tələblərin yerli daşıyıcıların fəaliyyətinə çətinliklər yaratdığını qeyd ediblər. Eyni zamanda, İpəkyolu terminalında qrup malların rəsmiləşdirilməsi və gömrük prosedurlarının təkmilləşdirilməsi zəruriliyinə də diqqət çəkilib. Bu məsələlərlə bağlı fikir mübadiləsi aparılaraq, Komissiyanın rəhbərliyə müraciət etməsi qərara alınıb.
İclasda, 2025-ci il üzrə Komissiyanın fəaliyyət planı da müzakirə edilib. Plan çərçivəsində, ölkəyə tikinti materialları və xammalının idxalı ilə bağlı, habelə kənd təsərrüfatı məhsullarının ixracı üzrə logistika məsələlərinin aidiyyəti biznes təşkilatları və dövlət qurumları ilə birlikdə araşdırılması məqsədə uyğun hesab edilib.
Komissiya üzvləri, həmçinin, nəqliyyat və logistika sahəsində xidmət göstərən şirkətlərin müvafiq rəsmi qeydiyyatdan keçməsinin vacibliyini vurğulayıb. Onlar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlərin aşkar edilməsi və "boz bazar"ın qarşısının alınmasının sahibkarların hüquqlarının qorunmasına və bazar risklərinin azalmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
İclasda müzakirə olunan məsələlər, Azərbaycan iqtisadiyyatının inkişafı və sahibkarların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.