SOSİUM

23 Dekabr

TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb

TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb. Sənəd ümumilikdə 3 məqsəd, 4 hədəf, 30 prioriteti özündə ehtiva edir.

Fins.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkədə inkişafı istiqamətində bir sıra addımlar atılıb:

“Xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb”, – deyə İcraçı direktor bildirib.

Ən böyük uğurlardan biri kimi, V.Qurbanov Möhtərəm Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan və 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital” brendindən istifadə hüququ əldə etməsini vurğulayıb.

Bundan əlavə, Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsi də yüksək nailiyyətlərdən biri kimi qeyd edilib.

İcraçı direktor əlavə edib ki, beynəlxalq müstəvidə uğurlardan biri isə TƏBİB tabeli müvafiq tibb müəssisələrinin Ümumdünya İnsultla Mübarizə Təşkilatının sertifikasiyasından keçirilməsi prosesi ilə əlaqədar müvafiq işlərə başlanılmasıdır.

“Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” və “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı”na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir.