SOSİUM

12 Dekabr

Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib.

Fins.az xəbər verir ki, tədbirlər gənclərin Heydər Əliyevin əziz xatirəsini yad etməsi, onun ölkəmiz üçün göstərdiyi əvəzsiz xidmətləri anması və bu böyük irsi gələcək nəsillərə ötürmək məqsədini daşıyıb. Gənclər Heydər Əliyevin həyatını və fəaliyyətini dərin ehtiramla qeyd edərək, onun Azərbaycan dövlətçiliyinə verdiyi töhfələri daha yaxından öyrənmək imkanı əldə ediblər.

Silsilə tədbirlər çərçivəsində ilk olaraq  gənclər təşkilatlarının rəhbər və nümayəndələri I Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və Azərbaycan: keçmişdən gələcəyə” adlı panel müzakirə keçirilib.

Panel müzakirədə deputatlar Musa Qasımlı, Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru Qasım Məmmədov, Azərbaycan Respublikası Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Yusif Vəliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və NAYORA-nın baş katibi Nərminə Hüseynzadə iştirak ediblər.

Çıxış edənlər  Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün mühüm məqamları, milli şüurun inkişafı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən islahatlardan danışıblar. Həmçinin, Heydər Əliyevin milli düşüncənin formalaşmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, ordu quruculuğuna və ölkəmizdə ilk ali hərbi məktəbinin yaradılmasına verdiyi misilsiz töhfələrdən bəhs edilib. Bu sahələrdəki xidmətləri Ulu Öndərin rəhbərliyi dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilib.

Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzinə “İrsin izində” adlı ekskursiya təşkil edilib. Ekskursiyanın məqsədi gənclərin Heydər Əliyevin həyatı, fəaliyyəti və irsi haqqında daha ətraflı məlumat əldə etmələrini təmin etmək, həmçinin onun Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi misilsiz töhfələrini dərindən öyrənmələrinə imkan yaratmaqdan ibarət olub. Ziyarət zamanı gənclər Ulu Öndərin irsini daha yaxından öyrənərək, Mərkəzdəki eksponatlar və sənədlər əsasında Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr barədə müzakirələr aparıblar.

 

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Liderin İşığında” intellektual zirvə yarışı keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Suallar Heydər Əliyevin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü ilə əlaqədar olub. Yarışın qalibi “C”, ikinci və üçüncü yerləri isə öz aralarında bölüşən “F” VƏ “D” komandaları isə medallar və hədiyyələrlə təltif olunublar.

Bununla bərabər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Əbədi Yaşıllıq" adlı ağacəkmə aksiyası keçirilib.