Finss.az - Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Qazaxıstan neftinin “Azeri Light” markalı neftlə qarışdırılması, bu qarışığın keyfiyyətinə heç bir mənfi təsir göstərmir.
Bu barədə “BP-Azerbaijan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
T.Bayatlı bildirib ki, BTC kəmərinin istismara verildiyi gündən bu yana bu boru kəmərinə daxil olan xammalla bağlı ciddi tələblər qoyulub. Yalnız müəyyən spesifikasiyalara uyğun xammal BTC kəməri vasitəsilə nəql oluna bilər, çünki bu qarışığın qiyməti “Azeri Light”ın xüsusiyyətləri əsasında müəyyən edilir.
Onun sözlərinə görə, BTC vasitəsilə yalnız Azərbaycan nefti deyil, həmçinin “Şahdəniz” kondensatı, Azərbaycanın digər yataqlarından hasil edilən neft və Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Kənar xammal BTC-yə yalnız “Azeri Light”ın keyfiyyətinə təsir etməyən həcmlərdə qəbul edilir.
T.Bayatlı əlavə edib ki, əgər gələcəkdə Qazaxıstandan tədarük həcmi əhəmiyyətli dərəcədə artarsa, alternativ marşrutlardan istifadə zəruri ola bilər. Bu məsələnin həlli üçün Qazaxıstan tərəfi Azərbaycan hökuməti və SOCAR ilə əlaqə saxlamalı olacaq.
BTC-nin ümumi uzunluğu 1 768 km təşkil edir və bu kəmərin ötürmə qabiliyyəti illik 50 milyon tondan çox neftdir. 2024-cü ildə BTC boru kəməri ilə 29 milyon 470,9 min ton neft nəql edilib, bu həcmin 82%-i Azərbaycan neftinin payına düşüb. Qazaxıstan və Türkmənistandan tranzit neftin payı isə 18% təşkil edib.