SOSİUM

12 Dekabr

Dünya Bankı: Gender bərabərliyi iqtisadi inkişaf üçün vacibdir

Gender bərabərliyi yalnız etik baxımdan əhəmiyyətli deyil, həmçinin iqtisadi inkişafı təmin etməkdə mühüm bir faktordur.

Fins.az xəbər verir ki, bunu Dünya Bankının təşkil etdiyi "Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri" adlı tədbirdə Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı deyib.

O bildirib ki, qadınlar bu kritik sektorlarda rəhbər və texniki vəzifələrin yalnız kiçik bir hissəsini tutur və bu, gender üzrə əhəmiyyətli maaş fərqinə səbəb olur:

"Ölkədə gender məsələlərini qaldırmaq, müzakirə etmək vacibdir. Azərbaycanın bu sahədə atdığı bir çox səylərə baxmayaq, biz yenə də bu sahədə bir sıra çağırışlarla üzləşirik.

Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə müqayisədə təxminən 35 faiz azdır. Bu maneələri aradan qaldırmaq üçün Azərbaycan bir sıra konkret addımlar atıb. 2022-ci ilin sonlarında Dünya Bankının analitik işinin dəstəyi ilə Azərbaycan qadınların məşğulluğuna gender əsaslı hüquqi məhdudiyyətləri ləğv etdi. 2023-cü ildə ölkədə qadınların gecə işləməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırıldı".

S.Bağırlı vurğulayıb ki, Azərbaycanda qadınlar nəqliyyat və anbar sahələrində işçi qüvvəsinin 17%-ni, energetikada 11%-ni, tikintidə isə 8%-ni təşkil edir.

"Dünya Bankı bu təkmilləşdirmələri Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində icra olunan Gender Məsləhət Xidmətləri proqramı vasitəsilə dəstəklənib", - deyə o qeyd edib.