SOSİUM

27 Fevral

Deputatdan təklif: Beş uşaqlı ailələrə aylıq müavinət verilsin

Finss.az - Son zamanlar beş uşaqlı ailələrin aylıq sosial müavinət almaq hüququ ilə bağlı suallar artıb. Hazırda "Əmək pensiyaları haqqında" Qanuna əsasən, beş və daha çox uşaq sahibi olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdirlər. Bununla yanaşı, sosial müavinətlərin bu ailələrə şamil olunub-olunmaması müzakirə mərkəzindədir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib. O bildirir ki, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, beşdən çox uşaqlı ailələr hər uşaq üçün ayda 105 manat müavinət alırlar. Bu ödəniş uşaq 18 yaşı tamam olana qədər davam edir.

Ancaq qanunvericiliyin mövcud formasına görə, beş uşaqlı ailələr pensiya güzəştinə malik olsa da, aylıq sosial müavinətdən yararlana bilmir. Bu baxımdan, deputat "Sosial müavinətlər haqqında" Qanunda dəyişikliyə ehtiyac olduğunu vurğulayır. O hesab edir ki, müavinət almaq hüququ beşdən çox deyil, beş və daha çox uşaqlı ailələrə şamil edilməlidir.

Statistikaya görə, Azərbaycanda 23 min 150 ailənin beş uşağı var. Qanunda təklif edilən dəyişikliyin qəbul edildiyi halda, bu ailələr aylıq sosial müavinət alma imkanı qazana bilər. Mütəxəssislər bunun sosial rifahın yüksəlməsinə təkan verə biləcəyini düşünürlər.
 

Zemfira Ms
Finss.az