Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə fəaliyyət göstərən kiberqruplaşmanın izinə düşüb.
Fins.az, Dövlət Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, zərərverici proqramın analizi və tərsinə mühəndislik yolu ilə əldə edilən məlumatlar əsasında əks-kiberkəşfiyyat tədbirləri həyata keçirilərək, zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.
Araşdırma nəticəsində kiberqruplaşmanın 135 ölkədə 270,741 kompüteri yoluxdurduğu məlum olub. Bu hədəflərin 7,790-u Azərbaycana məxsus kompüterlər olub, bunlardan 35-i dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlərdir. Türkiyəyə aid yoluxmuş kompüterlərin sayı isə 93,676 olub.
Dövlət Xidməti, müvafiq təhlükəsizlik tədbirləri ilə yanaşı, zərərverici indikatorların ölkə üzrə bloklanmasını təmin edib. Xidmət, həmçinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi vasitəsilə digər ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirilməsinə kömək edib.
İnformasiya təhlükəsizliyinin təminatı üçün, dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi antiviruslardan istifadə etməyi tövsiyə edir.